RU

Qəbələ musiqisevərləri “Qış nağılı”na səsləyir

Fevralın 7-10-da Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə Qəbələdə ilk dəfə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

“Qış nağılı” 2009-cu ildən ənənəvi təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq sənətsevərləri bir araya gətirəcək. Festivalda Azərbaycanla yanaşı, Almaniya, Böyük Britaniya, İtaliya, Polşa və Rusiyadan dünyaşöhrətli musiqiçilər - ifaçı və dirijorlar, musiqi kollektivləri çıxış edəcəklər.

“Qış nağılı”nda Azərbaycandan – Fərhad Bədəlbəyli, Emil Əfrasiyab, Murad Adıgözəlzadə, Nəzrin Aslanlı, Nigar Cəfərova, Yeganə Axundova, Yusif Eyvazov, musiqi kollektivlərindən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Bakı Kamera Orkestri, Bakı Xoreoqrafiya Akademiyasının şagird və tələbələri, “Qaytağı” instrumental ansamblı, Almaniya və Rusiyanı təmsil edən Aydar Qaynullinin “Eyforiya” ansamblı, Böyük Britaniyadan Dmitri Sitkovetski, İtaliyadan Anastasiya Bartoli, Sergio Vitale, Polşadan “Glassduo” ansamblı çıxış edəcəklər.

Festival günlərində Qəbələnin müxtəlif mədəniyyət ocaqlarında maraqlı proqram təqdim ediləcək, vokal, kamera instrumental musiqi axşamları, balet tamaşaları təşkil olunacaq. Sənətsevərlərə Qara Qarayevin “Yeddi gözəl” baletindən, Niyazinin “Arzu” əsərindən, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından, Antonio Vivaldinin “İlin fəsilləri” silsiləsindən, Cakomo Puççininin “Turandot”, Cüzeppe Verdinin “Traviata” operalarından, Pyotr Çaykovskinin “Şelkunçik” baletindən parçalar, eləcə də Edvard Qriq, Frederik Şopen, İohann Sebastyan Bax, Volfqanq Amadey Motsart və digər bəstəkarların müxtəlif musiqi kompozisiyaları təqdim ediləcək. 

Tamaşaçılar  iTicket.az  saytından ödənişsiz qeydiyyatdan keçməklə tədbirə qoşula bilərlər.

XQ

 

Избранный
2
9
xalqqazeti.az

10Источники