Qərbi Azərbaycan İcması Levon Ter-Petrosyanın 1993-cü ildə Ermənistanın prezidenti qismində verdiyi məlum çıxışı ilə bağlı BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərmişdi. O, həmin çıxışında etnik təmizləmənin və işğalçılığın Ermənistanın dövlət siyasəti olduğunu təsdiq edib, Ermənistandan azərbaycanlıların qovulmasını tarixi nailiyyət adlandırıb.
Hafta.az xəbər verir ki, məsələ ilə bağlı Qərbi Azərbaycan İcması bəyanat yayıb.
Bəyanatda deyilir:
“Ermənistanın dövlət siyasətinin irqçi, insanlıq və sülh əleyhinə cinayət xarakterli olduğunu təsdiq edən bu fövqəladə dəlil ilə bağlı BMT-nin Baş katibinə ünvanladığımız məktub BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılıb. Sözügedən məktubumuzun BMT-nin ali orqanlarının rəsmi sənədləri kimi yayılması Ermənistanın sözügedən cinayətlər üzrə məsuliyyətinin beynəlxalq hüquqi müstəvidə təsbit olunması baxımından böyük əhəmiyyət kəsb edir.
Qərbi Azərbaycan İcması bu məsələni BMT ilə yanaşı regional təşkilatların və özlərini insan hüquqlarının müdafiəçiləri kimi təqdim edən beynəlxalq qeyri-hökumət təşkilatlarının diqqətinə çatdırmaq istiqamətində səylərini davam etdirir”.