1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayıb. Qurum işə başlar-başlamaz yenidən Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməyə başlayıb və təşkilatla eyni mövqedə olan bir qrup qeyri-hökumət təşkilatı Azərbaycan nümayəndə heyətinin mandatını bərpa etməməyə çağırıb. Təbii ki, belə bir təşəbbüs birbaşa Azərbaycana qarşı təzyiq məsələsidir və Qərbin bir sıra qərəzli ölkə və təşkilatları tərəfindən idarə olunur.
Əbəs deyil ki, AŞPA-nın Macarıstandan olan deputatı Nemeth Zsolt Azərbaycanı AŞPA-dan uzaqlaşdırmağın yanlış qərar olduğunu deyib və üzv dövlətləri itirməyin qurumun maraqlarına cavab vermədiyini diqqətə çatdırıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova Oxu.Az-a açıqlamasında deyib ki, Avropada və dünyadakı bəzi qərəzli, ədalətsiz təsisatlar kimi, Avropa Şurası və onun Parlament Assambleyası da Azərbaycanın qələbələrini, son zamanlar qazandığı tarixi uğurlarını qəbul edə bilmir:
"İllərdir ki, bəzi Qərb dairələrinin əlində alət olan bu qurumdan ölkəmizə qarşı əsassız tənqidlər və böhtan səsləndirmək üçün istifadə edilir. 2001-ci ildə Azərbaycanın Avropa Şurasına üzv olarkən əsas məqsədlərindən biri bu idi ki, təşkilat işğal faktına aydın və qətiyyətli reaksiya versin, ona son qoyulması üçün Ermənistana qarşı konkret addımlar atılsın. Bu, Azərbaycanın Avropa Şurasından əsas gözləntiləri idi. Lakin faktiki olaraq, bizim Avropa Şurasından gözləntilərimiz özünü doğrultmadı. 2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA Ermənistandan qurumun əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab verməyi tələb etmədi. Burada söhbət xüsusilə etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlikdən gedir. Uzun illər ərzində AŞPA Ermənistanın ölkəmizə qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görmədi, yalnız ara-sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətləndi. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. Ancaq biz Ermənistana qarşı hər hansı bir sanksiyanın şahidi olmadıq. Belə olan halda AŞPA kimi ikili standartlar, qarayaxma və ləkələmə nümunəsinin tüğyan etdiyi bir təşkilat Azərbaycanın nəyinə lazımdır? Əlbəttə ki, heç nəyinə!"
"Azərbaycan özünə hörmət edən, öz milli maraqlarını qoruyan və digər ölkələrdən və təşkilatlardan da bunu gözləyən dövlətdir. Ölkəmiz bütün beynəlxalq təşkilatlarla sağlam əməkdaşlıq etmək istəyir və bu istiqamətdə zəruri addımlar atır. Hesab edirəm ki, AŞPA Azərbaycanı etmədiyi əməllərə görə ittiham etməsə, ölkəmizə qarşı normal münasibət göstərsə, bizimlə hesablaşsa, ölkəmiz bu təşkilatla əlaqələrin bərpa edilməsi məsələsini nəzərdən keçirə bilər. Əks təqdirdə, bizə qarşı normal münasibət göstərməyəcəklərsə, mövcud reallığı qəbul etməyəcəklərsə, biz o təşkilatla münasibətləri necə bərpa edək?!" - deyə deputat vurğulayıb.
Müsahibimiz əlavə edib ki, AŞPA-nın destruktiv siyasəti onu gözdən salır və təşkilata inamı sıfıra endirir:
"Ölkəmiz hər zaman ədalətin tərəfindədir. Azərbaycana qarşı təhdid, qarayaxma kampaniyası qəbulolunmazdır. Biz milli maraqlarımızı müdafiə edəcəyik, heç kimin maraqları ilə öz siyasətimizi təşkil etməyəcəyik. Prezident İlham Əliyevin bildirdiyi kimi, "Bizim siyasətimizə ancaq Azərbaycan xalqı, onun iradəsi təsir edə bilər".
Mərahim Nəsib