Son dövrlər Azərbaycan mətbuatında Rusiyanın ünvanına səsləndirilən haqlı tənqidlər deyəsən, hədəfə dəyib. Kremlin bu tənqidlərə verdiyi reaksiya isə daha çox “soğan yeməmisən, için niyə göynəyir” məsəlinə uyğun gəlir…
Məlum olduğu kimi, Azərbaycan mətbuatında gedən son yazılardan və reportajlardan sonra Azərbaycanın Rusiyadakı səfiri Rusiya XİN-ə çağırılıb və bizim bəzi mətbu orqanlar bunu “malalamağa” çalışsalar da, səfirimizə faktiki olaraq, nota təqdim edilib. Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin səfir Rəhman Mustafayevə deyib ki, son günlər Azərbaycan mətbuatında Rusiyaya qarşı yayımlanan yazılar, eləcə də Bakıda fəaliyyət göstərən “Rus Evi”nə qarşı aparılan kampaniyalar” narahatlıq doğurub. Nazirlik bu yazıları dezinformasiya adlandıraraq, ittihamların guya heç bir əsasının olmadığını qeyd edib.