RU

Amerikalı basketbolçu: “Sumqayıtda özümü daha sakit və rahat hiss edirəm” - MÜSAHİBƏ

"Sumqayıt”ın basketbolçusu Kolin Qolsonun Sumqayit24.az-a müsahibəsi

– Basketbol karyeranıza harada və necə başlamısınız?

– Basketbol karyerama Detroytda başladım. Doğma şəhərimdə rəqabətcil bir ailədə böyüdüm və basketbolu sadəcə bacı-qardaşlarımdan yaxşı olmaq üçün oynamağa başladım. Bu, tezliklə mənim basketbola olan sevgimə çevrildi və karyeramın başlanğıcı oldu.

– Karyeranız boyu hansı komandaların üzvü olmusunuz?

– Karyeram ərzində 3 fərqli universitet komandasında oynadım: Nyu Yorkdakı “Siena College”, doğma şəhərimə yaxın olan “Eastern Michigan” və “Wayne State” Universitetində təhsilimi başa vurduqdan sonra NTD komandası ilə müqavilə imzaladım və sonra “Sumqayıt” BK-ya keçdim.

– Azərbaycana necə gəldiniz?

– Kolleci bitirdikdən sonra peşəkar basketbolçu olmaq üçün xaricə getmək qərarına gəldim. Bir çox ölkə arasında seçim edə bilərdim, amma Azərbaycana gəlməyə qərar verdim.

– Sizi Azərbaycana kim dəvət etdi?

– Mənim Azərbaycana gəlməyimi NTD komandası təşkil etdi.

– Azərbaycana gəlməmişdən öncə ölkəmiz haqqında hansı məlumatlara malik idiniz?

– Azərbaycana gəlməzdən əvvəl çox məlumatım yox idi. Mən başqalarının fikirlərinə aldanan biri deyiləm, ona görə də öz araşdırmamı apardım və buranın təhlükəsiz və rahat olduğunu öyrəndim. Bu ölkədə olmaqdan məmnunam.

– Sumqayıtı bəyənirsiniz?

– Həyat yoldaşım və oğlum buraya yeni köçüblər və əlimdən gələni edəcəm ki, şəhərdə uzun müddət qalım. Bakıda müəyyən vaxt keçirdim və müqayisə edəndə Sumqayıtda özümü daha sakit və rahat hiss edirəm. Bakı həmişə çox sıx olur, amma Sumqayıtda ailəmlə dəniz mənzərəsindən zövq alıb dincəlmək mümkündür.

– Sumqayıtda yerləşən “White Niggas” mağazası ilə bağlı videonuz məşhurlaşdı. Bununla bağlı fikirlərinizi öyrənmək istərdik.

– Bəli, bu videonu paylaşanda bir az fərqli reaksiyaların olacağını bilirdim. Bir çox amerikalı bundan inciyib, amma məncə onlar tam mənzərəni görmədilər. Mən bu sözü istifadə edənlərin bunu bilmədiklərini başa düşürəm. Mənim üçün bu söz çox böyük bir tarixi əhəmiyyət kəsb edir. Lakin fərqli mədəniyyətlərdən olan insanların bu tarixi tam olaraq anlamasını gözləmək də ağılsızlıq olardı. İnsanlar bunu “cool” hesab edə bilərlər, çünki mənim kimi insanlar bu sözü tez-tez istifadə edir, amma başa düşməlidirlər ki, bu sözün yanlış şəxs tərəfindən istifadə edilməsi təhqir olaraq qəbul edilə bilər.

– Azərbaycan mətbəxindən ən çox hansı yeməyi bəyənirsiniz?

– Azərbaycanda çoxlu yeməklərin dadına baxmışam, amma onların hamısının Azərbaycan mətbəxinə aid olmadığını öyrəndim. Mən kabab və dönəri çox bəyənirəm, amma dönərin daha çox türk mətbəxinə aid olduğunu düşünürəm.

– Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq 3×3 basketbol üzrə qadınlardan ibarət komandamız Olimpiya oyunlarında çıxış edib. Onların görüşlərini izlədiniz?

– Həqiqətən qadın basketbolunu izləmək istərdim, xüsusən də ABŞ xaricində. Bir neçə ay əvvəl Azərbaycan ilə Avstriya arasında bir oyuna baxdım və çox maraqlı idi.

– Azərbaycan basketbolunun bugünkü səviyyəsi haqqında fikirləriniz necədir?

– Fikrimcə, Azərbaycanda çox istedadlı basketbolçular var. Həmçinin təcrübəli oyunçular da çoxdur. Məsələn, NTD-də birlikdə oynadığım Məhəmməd Hüseynli çox bacarıqlı bir gəncdir və sadəcə təcrübəyə və çoxlu məşqə ehtiyacı var.

– Oyundan əvvəl rituallarınız varmı?

– Adətən ailəmlə danışıram. Oyundan əvvəl hər zaman bir az təzyiq hiss edirəm, amma oğlum və həyat yoldaşımla görüşmək məni sakitləşdirir.

– Basketbolda və ya digər idman növlərində kumirləriniz varmı?

– Lebron Ceyms, Kobi Brayant, Kavay Leonard. Bu oyunçuların bəzi cəhətlərini öz oyunuma uyğunlaşdırmağa çalışıram.

– Peşəkar basketbolçu kimi qarşınıza hansı məqsədləri qoyursunuz?

– Məqsədim meydanda daha sərt və qərarlı oynamağa başlamaqdır. Başqalarını nəzərə alaraq oynayıram, amma bu həm mənə, həm də komandama zərər verir. Bu düşüncədən qurtulmağa çalışıram.

– Basketbolun gələcəyi haqqında fikirləriniz necədir və növbəti illərdə oyunda hansı dəyişiklikləri görmək istərdiniz?

– Basketbolun sadəcə sevgi ilə oynanmasını istəyirəm. Bu gün çoxu yalnız pul üçün oynayır və bu, oyunun ruhunu öldürür. Mən NBA-nın Avropadakı basketbol atmosferini və sevgisini özündə daşımasını çox istəyərdim. Bu, möhtəşəm olardı.

İdman.biz

Избранный
27
50
idman.biz

10Источники