Almaniya Baltik dənizində Rusiya ilə mübarizə üçün hərbi gəmi təqdim edib
Bundesver (Almaniya Silahlı Qüvvələri) Baltik dənizində Rusiya donanmasına qarşı yeni xüsusi gəmi vasitəsilə öz mövcudluğunu gücləndirməyi planlaşdırır.
Moderator.az xəbər verir ki, bu barədə "Bild" nəşri yazıb.
Məlumatda deyilir ki, gəmi "NTV 130" adını daşıyır və sualtı kabellər və külək elektrik stansiyaları kimi əsas infrastruktur obyektlərini qorumaq üçün nəzərdə tutulub.
"Bu gün pilotsuz suüstü və sualtı qayıqlar üçün əsas gəmini təqdim etdik. Bu, Hərbi-Dəniz Qüvvələrinin növbəti alınacaq obyektlərindən biri ola bilər", - "Naval Vessels Lürssen" şirkətinin baş direktoru Tim Vaqner bildirib.
Onun sözlərinə görə, bu gəmi Baltik dənizində Rusiya donanmasını dayandırmağa qadirdir. Gəmi Almaniyanın müdafiə naziri Boris Pistoriusun iştirakı ilə təqdim edilib.
"NTV 130" silahlanmış sürətli katerləri yerləşdirmək və döyüş pilotsuz qurğularını idarə etmək üçün təchiz olunub. Bu isə gəmini əməliyyat zonasında çevik və etibarlı edir.
"Naval Vessels Lürssen" şirkəti Almaniya üçün digər layihələr, o cümlədən freqatlar, korvetlər və digər gəmilərin inşası üzərində də işləyir.
NATO Rusiya donanmasına qarşı tədbirləri gücləndirir
NATO üzvü olan dövlətlər Baltik dənizində Rusiya Hərbi-Dəniz Qüvvələrinin fəaliyyətini daha sıx nəzarət altına almaq və Rusiya gəmilərinin çıxışını məhdudlaşdırmaq niyyətindədir.
Məsələn, İsveç, Sankt-Peterburq və Kalininqrad limanlarından Rusiya gəmilərinin çıxışını əngəlləyə bilən "Marks 3" adlı yeni gəmiəleyhinə raketi tətbiq edib.
Bununla yanaşı, Böyük Britaniyanın Müdafiə Nazirliyi La-Manş boğazında Rusiya okeanoqrafik gəmisi "Yantar"-ı müşahidə etmək üçün sualtı qayıq yerləşdirib. Bu barədə "Milli Xəbər Xidməti" məlumat yayıb.
Hələ yanvar ayının əvvəlində NATO-nun Baltik dənizində gəmiçilik üzərində tam nəzarət qurmaq niyyətində olduğu barədə məlumat verilib. "Tsarqrad" telekanalının məlumatına görə, Rusiya NATO-nun bu planlarına qarşı Baltik dənizindəki maraqlarını qorumağa söz verib.