Ermənistan və Qərb arasında əməkdaşlığın birinci üçün yaxın tezlikdə böyük problemlər yaradacağına dair xəbərdarlıqlar artır. Artıq erməni cəmiyyətində də çoxları etiraf edir ki, vəziyyət ölkə üçün kritik həddə yaxınlaşır.
Erməni ictimai xadim Vahe Qriqoryan bununla bağlı bildirir: “Bizi sürətlə Gürcüstanın yalnız ötən il çıxa bildiyi “Avropa” bataqlığına sürükləyirlər. Yeri gəlmişkən, bu bataqlıqdan Gürcüstanı İvanişvili çıxardı, ABŞ-ni Tramp çıxardı... Ermənilər isə “Yaşasın Avropa” deyə qışqırırlar... Ancaq erməni tarixi ilə bağlı pafoslu köhnə kitabları xatırlayanda, sonra yeni antimilli kitabları oxuyanda, sosial elmlər üzrə “Avropasayağı” kitabları vərəqləyəndə başa düşürəm ki, hər şey təəssüf doğursa da, əbədi olmamış real təhsilin təbii nəticəsidir. Bəlkə də hamısı budur”.
Xatırladaq ki, bu günlərdə Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə oyuna girməsini təhlükəli hal adlandırıb: "Onlar Avropa İttifaqı ilə oyun oynamağa başladılar. Çox təhlükəli oyundur. Nikol Paşinyanı sakitləşdirin. O, Ermənistanı məhv edəcək. Rusiyanı da özünə qarşı qoyur. Mühasirəyə alınıb, ərazisi kiçikdir. Əhali cəhətdən böyük ölkə deyil və düşmənlərlə əhatə olunub”. Avrasiya İqtisadi İttifaqının (Aİİ) baş katibi Sergey Lebedev də Ermənistana müvafiq xəbərdarlıqlar edib: “Avrasiya İqtisadi İttifaqı və MDB ilə əməkdaşlıq etməmək Ermənistana çətin olacaq. Ermənistan xalqı üçün əlavə çətinliklər, problemlər nəyə lazımdır? MDB ölkələri və Belarus, bildiyim qədər, Ermənistana bu qarşılıqlı əlaqəni qoruyub saxlamağa kömək etməyə hazırdır”. Ermənistanla ABŞ arasında yaxınlarda imzalanmış strateji tərəfdaşlıq xartiyası və İrəvanın Avropa İttifaqına qoşulmaq planlarından danışan MDB baş katibi qeyd edib ki, çox sənəd imzalanır, lakin sonra yerinə yetirilmir: “Çox sənəd imzalanır, lakin onların hamısı yerinə yetirilmir. Sonra həyat öz düzəlişlərini edir”. Xatırladaq ki, yanvarın 9-da Ermənistan hökuməti Aİ-yə daxil olma prosesinin başlanması haqqında qanun layihəsini təsdiqləyib və parlamentə göndərib. Ermənistan parlamentinin Avropaya inteqrasiya üzrə komissiyası yanvarın 24-də ölkənin Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun layihəsinə müsbət rəy verib.
Hesab olunur ki, proseslər Qərbin Ermənistandan Rusiyaya qarşı istifadə cəhdlərinin real təzahürüdür. Hazırda Ermənistan-Rusiya münasibətləri pisləşən templə davam edir. Bunun əsas səbəblərindən biri Ermənistanın baş naziri Nikol Paşinyanın qərbyönlü siyasət aparmasıdır. Rəsmi İrəvan xüsusilə ABŞ və Fransanın təhrikii ilə adıçəkilən dövlətlərin əlinə oynayır. Xatırladaq ki, Paşinyan 2018-ci ildə məhz Qərbin dəstəyi ilə hakimiyyətə gətirilmişdi. O vaxtdan bəri məqsəd Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının zəiflədilməsi və bununla paralel Qərbin regiondakı mövqelərinin gücləndirilməsi idi. Proseslərin gedişi, o cümlədən verilən son açıqlamalar da göstərir ki, İrəvanla Moskva arasında münasibətlər yaxın zamanda düzəlməyəcək. Rəsmi İrəvanla KTMT arasında münasibətlər uzun müddətdir faktiki olaraq dondurulub. Bu durumda ehtimal olunan əsas versiyalardan biri perspektivdə Rusiyanın Ermənistana hərbi müdaxiləsidir. Belə vəziyyətdə Qərb Ermənistan vasitəsilə Rusiayaya qarşı ikinci cəbhənin açılmasına nail ola biləcək. İndiki halda Qərb ermənistanı şirnikləndirməklə məqsədinə nail olmağı düşünür. Avropa İttifaqına üzvlük vədləri də bundan qaynaqlanır. Milli Məclisin deputatı Könül Nurullayeva qeyd edir ki, Ermənistan Avropa İttifaqına üzvlüyə ümid edir, amma bu, real görünmür: “İlk növbədə onu qeyd etməliyik ki, Ermənistan coğrafi baxımdan ittifaqdan uzaqdır və Avropa İttifaqı hətta onunla birbaşa həmsərhəd olan Balkan ölkələrinin də qəbulunu təxirə salıb. Üstəlik, Ermənistan Avropa İttifaqına üzvlük öhdəliklərini üzərinə götürməyə hazır deyil. Bunu hətta bəzi erməni ekspertlər də etiraf edirlər”. Deputat bildirib ki, Qərb faktiki olaraq Ermənistan üzərindən Cənubi Qafqazdakı maraqlarını təmin etməyə çalışır: “Nikol Paşinyan böyük ümidlərlə parlamentin İttifaqa üzvlük prosesinin başlanması haqqında qanun layihəsini qəbul etməsini gözləyir. O, ölkəsinin Avropa İttifaqı ilə inteqrasiya prosesinə başladığını xəyal edir. Məsələ burasındadır ki, Ermənistanın tərəfdaş kimi Avropa İttifaqı üçün heç bir siyasi və iqtisadi cəlbediciliyi yoxdur. Ermənistan iqtisadi baxımdan Rusiyadan asılıdır, üstəlik, bu ölkənin forpostudur. Sadəcə, kollektiv Qərb Ermənistanı Rusiyanın nəzarətindən çıxarmaq üçün şirnikləndirici vədlər verir, son illər İttifaqın İrəvana xüsusilə təhlükəsizlik sahəsində dəstəyini qabardırlar. Burada isə söhbət təbii ki, “mülki missiya” adı altında Azərbaycanla sərhədə yerləşdirilən təxribatçı Aİ missiyasından gedir. Bu fəaliyyət Ermənistanda revanş üçün əsas səbəblərdən biridir”. Ermənistanın, həmçinin iqtisadi inkişafla bağlı İttifaqdan yardım gözlədiyini diqqətə çatdıran deputatın fikrincə, Avropa İttifaqı İrəvana bərabərhüquqlu tərəfdaş kimi yox, daha çox əyləncə obyekti kimi yanaşır. Qərb bu əməkdaşlığın digər tərəflərə yönəlmədiyini hər nə qədər iddia etsə də, yaranmış mənzərə reallığın nədən ibarət olduğunu açıq-aydın göstərir. Əslində bu, Ermənistanı Qərbin forpostuna çevirmək istəyidir. Azərbaycan prezidenti də Qərbin Ermənistanı Cənubi Qafqazdakı forpostuna çevirmək cəhdlərinin mənfi nəticələr verəcəyi barədə dəfələrlə xəbərdarlıq edib.
Nahid SALAYEV