RU

“Böyük manipulyator”

Mark Endeveld

(əvvəli qəzetin ötən saylarında) 

Seçki kampaniyasının pulları

Makronun seçki kampaniyasının komandası ağır təzyiq altındadır. 2017-ci ilin mart ayının sonunda jurnalistlər hələ ki, ancaq bir şeylə maraqlanırlar: Makron heç bir partiyadan deyil – nə sağçılara aiddir, nə də solçulara. Bəs onun prezidentliyə namizədlik kampaniyasının pulları haradan və necə gəlir? Və ən başlıcası, bu kampaniya neçəyə başa gəlib? Mart ayının 25-də mətbuat işçilərindən biri Qrequar Devo e-mail vasitəsi ilə belə bir sual verir: “İsmael, Silvan, hər şeyə “ok” demək olarmı? Axı jurnalistlər rəqəm tələb edirlər. Onlara rəqəmləri olduğu kimi necə göstərə bilərəm?”. Sonra bu qəribə və təəccüblü e-mail vasitəsilə onu da öyrənirik ki, kampaniyaya keçirilən pulların ümumi məbləği 11 milyon avro olub, ancaq təklif olunub ki, bu rəqəmi azaltsınlar:

“... Mətbuata deyərsiniz ki, ümumi məbləğ ancaq 10 milyon avrodur!”. Belə çıxır ki, orta ianə 250 avro olub. Amma bunu jurnalistlərə söyləmək olmaz: “Biz belə şeyləri heç kimə demirik”, – deyə kampaniyadan xəbər gəlir. Komandanın bütün üzvləri, xüsusilə İsmael Emelien iddia edir ki, “orta ianə” cəmi-cümlətanı 50 avro olub. O dəqiqə hiss olunur ki, kampaniya üzvləri Fransada çoxunun “varlıların namizədi” adlandırdığı Makronun imicini qorumaq istəyirlər. Paralel olaraq iddia olunur ki, 5000 avrodan yuxarı ianə verənlərin sayı cəmi-cümlətanı 631 nəfərdir. Bu da ümumi məbləğin cəmisi 1,7 faizini təşkil edir. Burada yenə də varlıların kampaniyanın büdcəsində oynadıqları rolun əhəmiyyətini azaltmağa cəhd olunur. İki ildən sonra JDD jurnalı sayəsində məlum olacaq ki, kampaniya zamanı 5000 avrodan çox ianə verənlərin sayı 913 (!) nəfər olub və onların müqabilində kampaniyanın xəzinəsinə nə az, nə çox, düz 6,3 milyon avro pul keçirilib, yəni ümumi məbləğin 48 faizi!.. Pis deyil.

Heç kəsdən gizli deyil ki, rəqəmləri necə gəldi dəyişmək olar. Kampaniyanın xəzinəsi ilə məşğul olanlar, bu teoriyadan istifadə etmək üçün “fake news” dövrünü gözləmədilər. Hiss olunur kampaniya zamanı Makronun komandası yaxşıca kef eləyib. Mart ayının 14-ü ilə 27-si arasındakı e-mail mübadiləsində, kampaniyaya keçirilən “ümumi ianə” e-mail göndərənin əhval-ruhiyyəsindən asılı olaraq, 8 milyonla 11 milyon arasında qalxıb enir... (!) Sonradan dövlət mətbuat katibi keçən Benjama Qrivo Makronun kampaniyasının mətbuat xidmətinin direktoru Sibet Ndaya belə bir sual verir: “Sibet, sən özün demədin ki, Kristianın (Kristian Darnyat – kampaniya zamanı ianəyə nəzarət edən adam) razılığı ilə bütün jurnalistlərə 8 milyon deyəcəyik?”. Cavab birmənalıdır: “Bəli, tamamilə doğrudur. 8 milyon, 9,3 milyon yox... Biz ən aşağı rəqəmi deməliyik...”. Göründüyü kimi bu adamlar utanıb qızarmadan, ianə statistikasını istədikləri kimi dəyişirlər.

Bu məsələdə qaranlıq qalan digər bir şey də var: JDD jurnalının yazdığına görə, Emmanuel Makronun komandası siyasi kampaniyaların maliyyələşdirilməsinə nəzarət edən Milli Komissiyaya (CNCCFP) hesabatında bildirib ki, seçki kampaniyasına 74 702 nəfər şəxs ianə verib. Çox qəribədir ki, mart ayının sonunda, bu rəqəm yalnız 35 000 idi... Göründüyü kimi bu rəqəmlər qətiyyən bir-birinə uyğun gəlmir, bu qədər böyük fərq heç vaxt ola bilməz! Ona görə heç də təəccüblü deyil ki, niyə Ədliyyə Nazirliyi bu ianələri dərindən yoxlamağa qərar verdi. Bundan sonra 2018-ci ilin noyabrında Paris prokurorluğu ilkin istintaq işinə başladı – müstəntiqlər, xüsusilə 2017-ci ildə “Hərəkətdə!” hərəkatına köçürülən 144 000 avronun haradan gəldiyini araşdırmağa başladılar. Ancaq bu istintaq heç bir nəticə vermədi – halbuki qanuna görə bu məsələ bütün incəliklərinə qədər araşdırılıb xalqa çatdırılmalıydı. Neynəmək olar... bu, Makronun seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı yeganə müəmmalı məsələ deyil...

Maliyyələşdirmədən həbsxanaya

Siyasətdə pul qalib gəlməyin sinir sistemidir. Onsuz heç nə eləmək  mümkün deyil. Keçmiş investisiya bankiri Emmanuel Makron  bunu çox yaxşı bilir. Siyasi partiyaların və seçki kampaniyalarının mövcud olan maliyyələşdirmə qaydalarına baxmayaraq, bu sahələrdə pullar çox vaxt gizli dövriyyə edir. ABŞ-dan fərqli olaraq, Fransada özəl şirkətin hər hansı bir namizədin seçki kampaniyasına pul keçirməsi 1995-ci  ildən qadağan edilib. Bundan başqa, şəxsi ianələrə də limit qoyulub:  ancaq 4600 avro prezidentliyə namizədin kampaniyasına, 7500 avro isə siyasi partiyanın hesabına keçirilə bilər. Beləliklə, Makron kimi nə siyasi partiyası, nə də ictimai maliyyə dayağı olan bir namizəd üçün pul  problemi böyük əhəmiyyət kəsb edir. 

2016-cı ilin sentyabrında “Hərəkətdə!” hərəkatının maliyyə assosiasiyasının prezidenti, keçmiş bankir Kristian Darnyat kampaniya fonduna toplanan ianələrə cavabdeh olan bir şəxs kimi hərəkatın pul  tapmaq strategiyasını, elektron poçtu vasitəsilə göndərdiyi bir məktubda belə izah edir: “Biləndə ki, qanuna görə prezidentliyə seçki kampaniyasının xərcləri 22 milyon avronu keçə bilməz və biz bankdan  maksimum 9 milyon kredit ala bilərik... (namizəd seçkilərdə 5 faiz  səs qazana bilsə, o krediti dövlət banka ödəyir) onda yerdə qalır haradasa 13 milyon “tapmaq”. Əgər bu rəqəmi 10 milyona yuvarlaqlaşdırsaq,  o zaman 1333 nəfər adam tapmaq lazımdır ki, onların hər biri 7500 avro  ianə versin...”. 

Əvvəllər, Kristian Darnyat deyilən şəxs BNP bankının investisiya  direktoru olub. Sonradan o hər şeyi atıb Makronun yaratdığı “Hərəkətdə!” hərəkatına qoşuldu. Bu adamı Makronla onların ortaq bir dostu – cibində Sosialist partiyasının biletini gəzdirən, Att ali komissiyasının  keçmiş üzvü Stefan Bujnah adlı bir bankir tanış edib. Kristian Darnyatın mühüm və geniş bir şəbəkəsi var və o, öz qəhrəmanını (Makron) prezident eləmək üçün şəbəkəsindən gen-bol istifadə edir. O, Monako  knyazlığının dövlət naziri (Baş nazirin ekvivalenti) yüksək səviyyəli  dövlət qulluqçusu, əsli Nant şəhərindən olan Serj Telle ilə dostluq edir.

2016-cı ilin yazından prezidentliyə gələcək namizəd, hələ ki, Fransua Hollandın İqtisadiyyat naziri olan Makron, gələcək kampaniyasına vəsait tapmaq üçün nazirlikdə tez-tez qəbullar və şam yeməkləri təşkil  edir. Bu sahədə Makronun tayı-bərabəri yoxdur. Dəvət olunan qonaqlara yaxınlaşıb onlarla bir-bir tanış olandan sonra, o, yavaş-yavaş gələcək  planlarından danışır və əlavə edir ki, bu fəaliyyətə o, ancaq nazirlər  kabinetindən istefa verdikdən sonra başlayacaq. 2016-cı il sentyabrın  8-də onun tərəfdarları Londonda HSBC investisiya bankının baş direktoru franko-livanlı Samir Asəfin evində böyük bir ziyafət təşkil edirlər. Bankirin geniş mənzilinə medianı, texnologiya və incəsənəti təmsil edən  yüzə yaxın qonaq dəvət olunur. Onu da qeyd edək ki, o gecə Emmanuel bankirin evində yatır. Stol arxasındakı qonaqlardan biri Makrondan soruşanda ki, onun nəyi çatmır, hamının diqqət mərkəzində olan  prezidentliyə gələcək namizəd birmənalı cavab verir: “Vaxt, istedad və pul”. Sonra isə birbaşa mətləbə keçir: “Pul məsələsində məndə utanıb  çəkinmək yoxdur”. Görünür, ziyafətdəki London trayderləri, eləcə də iş adamları, onun belə açıq və komplekssiz danışığını yüksək qiymətləndirirlər, çünki nəticədə, Makron Britaniya paytaxtından düz 872 000 avro ianə alacaq! Bu məbləğ bütövlükdə Fransanın on ən böyük əyalət  şəhərindən göndərilən ianələrdən çoxdur. Makron, həqiqətən də, komplekssiz adamdır. Sentyabrın sonunda onun keçmiş həmkarlarından  biri, Rotşild bankının baş direktoru Oliviye Peku şəxsən öz adından  Parisin mərkəzində Yelisey tarlalarının yaxınlığında yerləşən Terrasse 50  restoranında, dəbdəbəli şam yeməyi təşkil edir. Noyabrın 15-də elə həmin restoranda müşavir Matyö Len və keçmiş nazir Reno Dütre biznes  sahəsinin bir sıra nümayəndələrinin iştirakı ilə yeni bir dəbdəbəli şam yeməyi təşkil edirlər. Bu sonuncu iki nəfər, HSBC bankının beynəlxalq  əlaqələrlə məşğul olan adamlardan biri Kristian Dezeqlis ilə birlikdə, dekabr ayının 4-ü ilə 6-sı arasında Makronun Nyu-Yorka səfərini də təşkil  edirlər. Bu üç gün ərzində gələcək namizəd Amerikada, aşağısı altı çox vacib görüşdə iştirak edəcək. 

(ardı var)

 

Избранный
5
11
xalqqazeti.az

10Источники