RU

Yanvarda yaz havasının gətirdiyi təhlükə

Son günlər ölkədə bir sıra xəstəliklər yayılıb. Əsasən qızdırma, öskürək, əzələ ağrıları ilə müşayiət olunan bu xəstəlik uzun müddət davam edir. Bəziləri bunun metapnevmovirus olduğunu da iddia edirlər.

Hazırda qış fəslinin olmasına baxmayaraq, ölkədə bir sıra ərazilərə, o cümlədən paytaxta qarın yağmamasının burada mənfi rol oynadığı deyilir. Təbii ki, belə havalarda mikrobların fəaliyyəti kəskin aşağı düşməli olduğu halda, mikroblar zəifləsə də, tam ölmür. Müəyyən qədər əlverişli şərait yaranan kimi infeksiyaların yayılması, mikrobların çoxalması, virusların artması insanlarda xəstəliklər yaradır. Təbii ki, qış mövsümə uyğun şəkildə getsə, bu mikroblar ölməsə də, aktivliyi azalır.

Hazırkı hava şəraitinin mövsümə uyğun olmaması, yəni paytaxtda qarın yağmaması, havaların isti keçməsi bu xəstəliklərin daha geniş yayılmasına gətirib çıxarır. Xüsusilə allergik xəstəliklər hazırda Bakıda tüğyan edir.

Qeyd edək ki, yanvar ayında yaz havasının müşahidə olunması insanların sağlamlığına və ümumi ekosistemə bir sıra təhlükələr yaradır. Bu cür qış havaları mikrobların, virusların və həşəratların aktivliyini artıraraq, müxtəlif sağlamlıq və ekoloji problemlərə səbəb ola bilər. Qışda qarın yağmaması isə təbiət və insan həyatı üçün bir sıra problemlər yaradır. Qarın olmaması yalnız estetik baxımdan deyil, həm də ekoloji, iqtisadi və sağlamlıq nöqteyi-nəzərindən müxtəlif təsirlərlə nəticələnir.

Qar su ehtiyatlarının mühüm mənbəyidir. Qar yağıntısı çatışmadıqda, su hövzələri dolmur və yaz aylarında su qıtlığı yaranır. Qar torpağı təbii olaraq izolyasiya edir və onun dondan qorunmasını təmin edir. Qar olmadıqda, torpaq donur və bitkilərin kökləri zədələnir. Qar həm də heyvanların və bitkilərin təbii dövriyyəsinə təsir göstərir. Xüsusilə qış yuxusuna gedən heyvanların fəaliyyətləri pozulur. Ən əsası qar havadakı toz və digər çirkləndirici maddələri təmizləyir. Qarın yağmaması nəticəsində atmosferdəki çirklənmə davam edir ki, bu da insan sağlamlığı üçün zərərli olur. Qar və soyuq temperaturun olmaması virusların və mikrobların daha uzun müddət aktiv qalmasına şərait yaradır. Bu, qrip, soyuqdəymə və digər respirator xəstəliklərin daha çox yayılmasına səbəb olur. Qar olmadıqda, toz və allergenlər havada qalır, bu da allergik reaksiyaların və astma xəstələrinin vəziyyətinin pisləşməsinə gətirib çıxarır.

Mütəxəssislər qeyd edir ki, havanın orqanizmə birbaşa təsiri var.

Təmiz hava ilə nəfəs almaq sağlamlıq üçün çox faydalıdır. Bu, orqanizmin bütün hüceyrə və toxumalarını qoruyur, bundan başqa, əsasən ürək-damar və beyin fəaliyyətini yaxşılaşdırır, immun sistemini möhkəmləndirir. Meteohəssaslıq qısamüddətli başağrısı, yorğunluq, ürəkdöyünmə və ümumi zəifliklə özünü daha çox büruzə verir. Hava bəzən insanlara psixoloji baxımdan da mənfi təsir göstərir.

Həkim-cərrah, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Mikroblar məhz bu fəsillərdə daha çox aktivləşir. Orqanizminizin soyuqdəyməyə daha çox məruz qaldığı bu dövrdə adətən yuxarı tənəffüs yolları xəstəlikləri daha fəal olur. Bu viruslar bir orqanizmdə aktivləşdikdən sonra digərlərinə asanlıqla yoluxa bilirlər. Əksər hallarda proses bu şəkildə baş verir. O ki qaldı insan metapnevmovirusu, qrip virusu, rinovirus, respirator sinsitial virus və ya başqa bir virusun olduğunu dəqiqliklə təsdiq etmək üçün laborator analiz tələb olunur.

Ancaq klinik gedişə görə fərqli xüsusiyyətlər nümayiş etdirən respirator infeksiyaların metapnevmovirusla əlaqəli olması ehtimalı ola bilər. İstənilən halda, xaricdə bunu soyuqdəymə xəstəlikləri adlandırırlar. Bizdə isə sovet dövründə kəskin respirator xəstəliklər adlandırılırdı və onların hamısı üçün ümumi taktika belə idi: xəstə olan insanların başqalarını yoluxdurmamaq üçün özlərini təcrid etməsi, yataq rejimində qalması, bol maye qəbul etməsi və həkimin təyinatını sağalana qədər həyata keçirməkdir. Əgər bu qaydalara riayət etsək, həm yoluxma hallarını azalda bilərik, xəstəlik vaxtında lokallaşar, fəallaşa bilməz. Təəssüflər olsun ki, bizdə vəziyyət fərqlidir. Çox vaxt heç kim maska taxmır, xəstə insanlar ictimai yerlərə çıxır, başqalarını yoluxdurur, nəticədə xəstəlik geniş yayılır. Bir müddətdən sonra xəstəlik geri çəkilsə də, bu müddətdə çox sayda insan xəstələnmiş olur. Həll yolu bu sadə qaydalara riayət etməkdir”.

Избранный
2
2
azpost.info

2Источники