RU

“Tofiq Bəhramov – 100 il”: Gülağa Cabarov xatirələrini paylaşdı

2025-ci ilin 29 yanvar tarixində tanınmış şəxsiyyət, idman xadimi və dünya şöhrətli futbol hakimi Tofiq Bəhramovun 100 illik yubileyidir. 

Fanat.Az xəbər verir ki, əlamətdar tarix ilə əlaqədar Tofiq Bəhramovun yetirməsi, SSRİ yüksək liqasının sabiq hakimi və “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin sədri Gülağa Cabarov öz xatirələrini paylaşıb:
 
"Bütün dünyanın susduğu an o, qətiyyətli qərar verdi. Bu qərar Azərbaycanı bir anda bütün dünyaya tanıtdı. Bu hadisə 1966-cı il futbol üzrə Dünya çempionatının final oyununda baş verdi. İngiltərə - Almaniya oyunu tarixdə silinməz izlər buraxdı. Əlbəttə, bu tarixi qərar haqqında fikirlər birmənalı ola bilməzdi. Çünki, futbol oyunu dünyanın ən çox sevilən idman növüdür. Hər bir azarkeş subyektiv bir fikrə malikdir. Mən sizə bir insanın fikrini çatdıracağam. Bu həmin çempionatın iştirakçısı, futbol hakimi, almaniyalı Rudolf Kreytleyn idi. Hansı ki, almanlar finala çıxmasaydı, həlledici matçın baş hakimi olacaqdı. Rudolf Kreytleyn səhəri gün çıxış edərək, Bəhramovun qərarını dəstəklədiyini bildirdi və bu qərara hörmətlə yanaşmağı xahiş etdi. 

Mən bu tarixi oyunu uşaqkən televizor vasitəsi ilə izləmişəm. Sonralar futbolçu fəaliyyətimi bitirib hakimliyə başlayarkən və hər dəfə Tofiq müəllimlə rastlaşıb, onunla söhbətləşəndə unudulmaz, qəribə hisslər keçirirdim. Sonralar onun nə qədər səmimi, sadə, pozitiv bir insan olduğunu özüm üçün kəşf etdim.

Evlərinə tez-tez gedirdim. Onunla dənizkənarı bulvarda gəzib, söhbət edərdik. Yanımızdan keçənlərin böyük əksəriyyəti Tofiq müəllimlə salamlaşarkən mən həmin hissləri bir daha xatırlayırdım. Evlərində onun xanımı bizə çay gətirərkən onunla çox hörmətlə danışar, amma bəzən iradlarını bildirərdi. Tofiq müəllim insanlarla münasibətdə həmişə çox diqqətli idi. Hətta bir dəfə məni özü ilə yaşadığı binanın sakinlərinin ümumi yığıncağına aparmışdı. İnsanların ona olan baxışları və münasibəti mənə zövq verirdi. Mən fəxr edirdim ki, Tofiq müəllimin yanında oturmuşam. 

Daha bir tarixi faktı qeyd etməyi özümə borc bilirəm. Mövsümün əvvəlində Azərbaycan hakimlərinin təqdimat siyahısı təsdiq olunur və Moskvaya göndərilirdi. Mənim adım orada aşağı səviyyədə qeyd olunmuşdu. Sonradan Tofiq müəllim şəxsi imzası ilə mənə individual təqdimat hazırladı və bu təqdimat Moskvaya göndərildi. Azərbaycanda bu təqdimat haqqında heç kimin xəbəri yox idi. Bu xüsusi təqdimatın mənim hakimlik həyatımda böyük rolu olmuşdur. Ümumiyyətlə, mənim hakim kimi formalaşmağımda onun əvəzsiz zəhməti olub. 

Daha bir hadisəni xatırlamalıyam. 
Bu, 1983-cü ilə aiddir. Tofiq Bəhramov hakimlik fəaliyyətini bitirdikdən sonra SSRİ hakimlərinin ən yüksək qrupunun təlim-məşq toplantısının rəisi seçilmişdi. Həmin il biz Krasnodar vilayətinin toplantısında iştirak edirdik. Tofiq müəllim isə elit hakimlərlə Soçi şəhərində idi. Bir gün Tofiq müəllim vaxt edib bizimlə görüşməyə qərar verir. O gələn vaxt bizdə fasilə olduğu üçün bütün iştirakçılar həyətə çıxmışdılar. Azərbaycan hakimləri bir yerə toplaşıb söhbət edirdik. Bu zaman başqa respublikadan olan bir hakim həyəcanla qışqırdı:
“Uşaqlar, Bəhramov gəlir”.
Bu səs bu gün də mənim qulağımdadır.
Tofiq Bəhramov yeganə hakim idi ki, yaş həddi 50 olduğu halda, ona ölkə çempionatında 51 yaşı tamam olana qədər hakimlik etməyə icazə verilmişdi. Yalnız o, SSRİ-ni 2 dünya çempionatında təmsil etmişdi. Hətta deyilənə görə 1974-cü il Dünya çempionatı Almaniyada yox, başqa ölkədə keçirilsəydi, ölkəni yenidən Tofiq Bəhramov təmsil edəcəkdi. 1970-ci il dünya çempionatının yarım final matçını və 1968-ci il Avropa çempionatının oyunlarını məharətlə idarə etmişdi. İngiltərədə keçirilən Dünya çempionatına qədər yalnız final oyununun baş hakiminə “qızıl fit” mükafatı verilirdi. Həmin ildən sonra bu mükafat hakimlər briqadasının hər bir üzvünə verilməyə başladı. 
O, ölkə çempionatının həmişə prinsipial oyunlarını idarə edirdi. 1970-ci il SSRİ çempionatının yekununda 2 komanda MOİK və “Dinamo Moskva” komandaları bərabər xal toplamış və qalibi müəyyən etmək üçün əlavə oyuna ehtiyac yaranmışdı. Daşkənd şəhərində keçirilən bu matçı Tofiq Bəhramov  ustalıqla idarə etmişdi. O, həmçinin futbol tarixinin klublar arasında əlamətdar oyunları sayılan 1972-ci ildə UEFA kubokunun final matçı "Vulverhemton" – "Tottenhem", Çempionlar liqasının yarım final matçı “Mançester Yunayted” – “Real Madrid” və Qitələrarası kubokun final matçı "İndependyente" — "Ayaks" oyunlarını idarə edib. 

1992-ci ildə AFFA təsis olunduqdan sonra Tofiq müəllim AFFA-nın ilk baş katibi olub. Həmin il Birləşmiş Krallığın Baş naziri Margaret Tetçer Azərbaycana işgüzar səfərə gəldiyində xahiş etmişdir ki, onunla görüşə Tofiq Bəhramov da dəvət olunsun. Dünya şöhrətli futbolçu, SSRİ-dən yeganə qızıl top sahibi, qapıçı Lev Yaşin futbolçu kimi fəaliyyətini bitirərkən öz xatirə matçına dünya futbolunun bütün ulduzlarını dəvət edərək, bu oyunun idarə etməsini Tofiq Bəhrəmovdan xahiş etmişdi. 

2010-cu ildə tanınmış ingiltərəli hakimi Qrem Poll Tofiq Bəhramovu dünyanın "Ən yaxşı 50 futbol hakimi" siyahısına salmışdı. 

Sonda söyləməliyəm ki, 50 ildən sonra 2016-cı ildə “Sky Sports” kanalı müasir video texnologiyalardan istifadə etməklə topun həqiqətən qapı xəttini keçdiyini sübut edib". 

Избранный
7
fanat.az

1Источники