Donald Trampın Ağ Evə qayıdışı Avropa İttifaqı (Aİ) üçün ciddi sınaq oldu, ABŞ-nin yeni prezidentinin Qrenlandiyanın ölkəsinə birləşdirilməsinin zəruriliyi ilə bağlı açıqlaması ittifaq liderlərini şoka salıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” yazır.
“Vəziyyət həqiqətən ciddidir, hamı hesab edir ki, Avropanın indiyə qədər verdiyi reaksiya o qədər də inandırıcı olmayıb. Biz şok və inkardan kənara çıxmışıq, taktikamızı dəyişirik”, - avropalı diplomat ABŞ nəşrinə deyib.
Onun sözlərinə görə, fevralın 3-də Aİ liderləri və Böyük Britaniya Baş naziri Kir Starmer Trampın Arktika adası ilə bağlı planlarını müzakirə etmək üçün Brüsseldə toplanacaqlar.
“Politico” qeyd edir ki, Avropa və Britaniya ABŞ prezidentinin Qrenlandiya ilə bağlı bəyanatları ətrafında yaranan hay-küyü indiyədək görməzlikdən gəlib, çünki ondan əməli addım gözləmədiklərini düşünüblər. Amma böyük mineral ehtiyatlarına malik və Arktikada strateji mövqe tutan Qrenlandiya hesab edir ki, Aİ-nin ABŞ-nin bura aşkar iddiaları ilə bağlı yanaşması artıq dəyişir.