RU

Sərhəd kəndinin sakini: Alnı açıq, gülərüzlə gəlib səs veririk

Tovuz, 29 yanvar, Ruslan Novruzoğlu, AZƏRTAC

Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Ağdam kəndində bələdiyyə seçkiləri uğurla təşkil olunub. Kəndin məktəb binasında yerləşən 107 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin 11 saylı seçki məntəqəsində 874 nəfərə seçici qeydə alınıb.

Məntəqə sədri İlhaməddin Musayev AZƏRTAC-a bildirib ki, sərhəd kəndində yerləşən məntəqədə seçici fəallığı müşahidə edilir. “Bütün seçkilərdə bizim seçicilərimiz fəallıqları ilə seçiliblər. Hazırda seçki prosesini 10 müşahidəçi, o cümlədən media nümayəndələri müşahidə edirlər”, - deyə məntəqə sədri diqqətə çatdırıb.

Bu kənddə bir vaxtlar insanlar səsverməyə ehtiyatla gedirdilər ki, düşmənin gülləsinə tuş gələrlər. İndi isə tam sakitlik və dinclik hökm sürür. Kənd sakini, şəhid atası Şəmsi Yusifov deyib: “Əvvəllər tez-tez erməni təxribatı olardı. Mən 1991-1992-ci illərdə könüllülər dəstəsində döyüşmüşəm və yaralanmışam. Bu günə çox şükür, torpaqlarımız da düşməndən azad edilib. Təhlükə yoxdur, firavan yaşayırıq. Alnı açıq, gülərüzlə gəlib səs veririk”.

Ağdam kəndinin sakinləri əsasən əkinçilik, maldarlıq və arıçılıqla məşğul olur. Bir müddətdən sonra təsərrüfat sahələrində qızğın yaz-tarla işlərinə start veriləcək.

Qeyd edək ki, Ağdam kəndində fəaliyyət göstərən 11 saylı seçki məntəqəsi 107 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin tərkibində fəaliyyət göstərir. Dairə üzrə 49 min 787 seçici qeydə alınıb. Həmçinin 246 namizəd 11 bələdiyyə üzrə 123 yer uğrunda mübarizəyə qoşulub. Dairə üzrə ümumilikdə məntəqələrdə 688 müşahidəçi var.

Избранный
13
50
azertag.az

10Источники