DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə,
- Yanvarın 28-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 49, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 34 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.
***
*Yanvarın 28-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.*
***
*Polis əməkdaşlarının yanvarın 28-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.*
***
*Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 28-də ümumi çəkisi 23 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.*
*Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.*
***
*Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.*
*Yanvarın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 2 tapança, 9 qumbara, 34 tüfəng, 5 patron darağı və 650 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.*
***
Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olundu
Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtomobil idarə edən daha bir şəxs ifşa olunub.
Belə ki, Masallı rayon sakini Ceyhun Ağayevin idarə etdiyi “Hyundai” markalı avtomobil Ələt-Astara yolu üzərində yerləşən stasionar posta saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı Ceyhun Ağayevin narkotik maddə qəbul etməsi müəyyən olunub və o, narkotik istifadəçisi olduğunu etiraf edib. Faktla bağlı toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək günahsız insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.
***
Mingəçevirdə 165 minlik dələduzluq edən şəxs həbs edildi
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vuran 58 yaşlı Rasim Həsənov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, o, zərərçəkənlərə torpaq sahəsi satmaq, qeyri - yaşayış obyektlərini adlarına rəsmiləşdirmək və digər yalan vədlər verərək həmin şəxslərin 165 min manat pulunu dələduzluqla ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
R.Həsənovun digər analoji cinayətlərdə də iştirakı istisna olunmur. Həmin şəxsin qanunsuz əməllərindən zərər görən başqa vətəndaşlar olarsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.
***
*Sabunçu rayonunda yerləşən evlərdən silsilə oğurluqlar edən 2 şəxs saxlanılıb*
Sabunçu rayonu ərazisində yerləşən 6 müxtəlif evdən oğurluq edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə *6200* manat maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.
Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə silsilə oğurluqlar etməkdə şübhəli bilinən 27 yaşlı Z.Bağırov və 23 yaşlı T.Abbasov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar aparılır.
***
*Xəzər rayonunda ev və avtomobillərdən oğurluq edənlər saxlanılıb*
Xəzər rayonunda “Chevrolet” markalı avtomobildən 1800 manatın oğurlanması barədə polisə məlumat daxil olub.
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən S.Eminov saxlanılıb.
Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə evdən ümumilikdə 11250 manat dəyərində məişət əşyaları, inşaat materialları, təmir alətləri və elektrik naqili oğurlaması da müəyyən olunub.
Rayon ərazisində oxşar üsulla törədilmiş daha bir oğurluq əməlinin üstü açılıb. Binə qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildən mobil telefon, gödəkçə və digər əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş P.Talıbov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla saxlanılan şəxsin bir neçə avtomobildən pul, məişət əşyası, video-qeydiyyat qurğusunu oğurlaması da müəyyən olunub.
Hazırda hər iki faktla bağlı araşdırma aparılır.
***
Nərimanov rayonunda 75 yaşlı kişiyə dələduzluq edən şəxs saxlanılıb
Nərimanov rayonu ərazisində 75 yaşlı kişinin naməlum şəxs tərəfindən aldadılaraq 1200 manatının mənimsənilməsi barədə polisə məlumat daxil olub.
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı N.Əmini müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.