RU

Bill Qeyts həyatındakı ən böyük peşmançılığını açıqladı: “Boşanma prosesi…”

“Microsoft”un qurucusu, milyarder iş adamı Bill Qeyts “The Times of London” nəşrinə verdiyi müsahibədə “indi yaxşı olduğunu” bildirsə də, Melinda Frenç Qeyts ilə 27 illik evliliklərini bitirmələrini həyatındakı “ən çox peşmanlıq duyduğu səhv” kimi qiymətləndirib.

Qaynarinfo xəbər verir ki, Bill Qeyts hər zaman 45 il evli qalan valideynlərinin münasibətlərinə bənzər bir evlilik arzuladığını vurğulayıb.

“Boşanma prosesi mənim və Melinda üçün azı iki il ərzində çox çətin bir şey oldu. Bütün yetkin həyatınızı eyni insanla keçirməyin çox gözəl tərəfi var. Birlikdə yaşadığınız xatirələr dərinləşir və uşaq sahibi olmaq kimi məsələlər bu əlaqəni daha da möhkəmləndirir”, deyə milyarder bildirib.

Xeyriyyəçi fəaliyyəti ilə də tanınan Bill Qeyts həyatındakı uğursuzluqlar sırasında boşanma prosesinin ictimaiyyətin gözü qarşısında baş verməsini “ən böyük səhv” kimi gördüyünü deyib.

“Başqa səhvlərim də olub, amma heç biri vacib deyil” deyən Bill Qeyts 1987-ci ildə Melinda ilə “Microsoft” şirkətində tanış olub. O zaman Bill şirkətin baş icraçı direktoru, Melinda isə məhsul meneceri vəzifəsini tuturdu. Cütlük satış görüşü zamanı tanış olub. Məlumata görə, Bill Qeyts Melindaya şirkətin avtoparkında görüşmə təklifi edib.

1994-cü ildə evlənən cütlük üç uşaq sahibi olub: Cenifer (28 yaş), Rori (25 yaş) və Fibi (22 yaş). “Melinda ilə tanış olduğumda nisbətən uğurlu idim, lakin qeyri-adi dərəcədə uğurlu deyildim. O, birlikdə olduğumuz müddətdə mənim həyatıma çox şey qatdı”, deyə Bill Qeyts əlavə edib.

Cütlük əvvəlcə evlərini ayırıb, 2021-ci ildə isə boşandıqlarını açıqlayıblar. Onlar birgə verdikləri açıqlamada “həyatın növbəti mərhələsində bir cütlük olaraq birlikdə böyüyə bilmədiklərini” bildiriblər. Bill Qeyts isə bu barədə “Çətin bir dövr idi. Sonradan isə Melinda fondan ayrılmağa qərar verdi. Bu qərar məni məyus etdi”, deyib.

Ətraflı

Melinda 2024-cü ildə fondakı vəzifəsindən ayrıldıqdan sonra dünyada yoxsulluq, xəstəlik və bərabərsizliklə mübarizə aparan “Bill & Melinda Gates” Fondu adını “Gates Fondu” olaraq dəyişdirib.

Bill Qeyts 2022-ci ildə Savannah Qatriyə verdiyi müsahibədə “Ayrılıqda sadiq qalınmaması rol oynayıbmı” sualına konkret cavab vermədən “ailəsini üzən” bəzi hərəkətlərindən bəhs edib. Elə həmin il Melinda “CBS Mornings” proqramında keçmiş ərinin pedofiliya, insan alveri və cinsi zorakılıq ittihamları ilə məhkum edilən, 2019-cu ildə həbsxana kamerasında intihar edən milyarder Ceffri Epşteyn ilə münasibətlərinin onların ayrılmasında rol oynadığını bildirib:

“Ceffri Epşteyn ilə görüşlərini bəyənmirdim. Bu fikrimi ona açıq şəkildə bildirdim. Ceffri iyrənc bir adam idi. O, pisliyin canlı təcəssümü idi”.

Boşanma zamanı Bill Qeytsin sərvəti 130 milyard dollar dəyərində idi. Cütlüyün evlilik müqaviləsi olmasa da, boşanma şərtlərini müəyyən edən “boşanma razılaşması” var.

Bill Qeyts 2023-cü ildə Paula Kalupa ilə münasibətə başlayıb. Paula “Oracle” şirkətinin keçmiş baş icraçı direktoru Mark Hördün dul həyat yoldaşıdır. Melinda isə 2024-cü ilin oktyabr ayında sahibkar Filip Von ilə münasibətini ictimaiyyətə açıqlayıb.

Bill həyatın davam etdiyini bildirərək Melinda ilə əlaqədə qaldıqlarını vurğulayıb: “Melinda və mən hələ də görüşürük. Üç övladımız və iki nəvəmiz var, buna görə də ailə tədbirlərimiz olur. Uşaqlar yaxşı vəziyyətdədir. Onlar yaxşı dəyərlərə sahibdirlər”.

Избранный
17
tribunainfo.az

1Источники