Ölkədə saxta plastik cərrahlara qarşı cinayət işinin açılması prosesi hələ də davam edir. Onlarla insanın ölümünə səbəb olan bu şəxslərlə yanaşı, sertifkat alaraq ölkədə dietologiya sahəsi üzrə fəaliyyət göstərən və insanların sağlamlığına ciddi zərər vuran şəxslərin də sayı az deyil.
Arıqlamaq və ya çəki artırmaq istəyən şəxslərlə yanaşı, hamiləlik və südvermə dövründə olan qadınlar, xroniki xəstəliklər, qidalanma pozğunluğu, allergiya və ya qida intoleransı olan şəxslər, müxtəlif xəstəlik daşıyıcıları və pəhriz qidaları ilə qidalanması lazım olan yaşlı insanlar da dietoloqlara müraciət edir. Bu da onu deməyə əsas verir ki, dietologiya sahəsi də həssas və çoxşaxəlidir. Elmi əsaslarını bilmədən, dietologiya üzrə ali təhsil almadan bu sahədə çalışmaq isə yetəri qədər təhlükə doğurur.
Onu da qeyd edək ki, hazırda Azərbaycanda dietologiya sahəsində oxuyan tələbə yoxdur. Belə ki, Azərbaycan Tibb Universitetində dietologiya ixtisası yoxdur. Sözügedən universitetdə 2025-ci ildən dietologiya və qidalanma ixtisası açılacaq. Bəs illərdir ölkədə fəaliyyət göstərən, dövlət və özəl klinikalarla yanaşı, sosial media vasitəsi ilə fəaliyyət göstərən dietoloqlara nə dərəcədə güvənmək olar?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, son zamanlar ölkəmizdə tibb sahəsində boşluqlar və nəzarətin az olması ictimai narazılıq yaradıb:
“Əlbətə ki, bu vəziyyət sadəcə plastik cərrahlarla məhdudlaşmır, dietologiya sahəsində də eyni vəziyyətin, bənzər problemlərin olduğunu deyə bilərəm. Sahəsi olmasa da, müvafiq tibb və ya dietologiya üzrə ali təhsil sistemindən keçmədən, sadəcə almış olduğu bilgilərlə bu sahə üzrə fəaliyyət göstərənlərin də aidiyyəti orqanlar tərəfindən ciddi nəzarətə alınmasına ehtiyac var. Çünki bu fəaliyyət birbaşa sağlamlıq üçün təhlükəlidir. Elmi əsaslara söykənməyən dietoloq məsləhətləri, yanlış qidalanmadan tutmuş, maddələr mübadiləsində bir sıra problemlər, eyni zamanda müxtəlif xəstəliklərin yaranmasına şərait yarada, orqan çatışmazlığına və hətta həyati təhlükələrə səbəb ola bilər. Bu prosesin psixoloji təsirləri də var, belə ki, dietoloqlar insanlara inam verir, buna qarşılıq almayınca, ciddi şəkildə cəmiyyət və bu məsləhətləri alan insanlar üzərində mənfi təsirlər olur. Unutmamalıyıq ki, cəmiyyətdə bilmədən, heç bir əsaslı məsuliyyət daşımadan, insanların çarəsizlik və komplekslərindən faydalanan çox sayda insan var. Ona görə də, cəmiyyət içərisində bu cür insanlarla qarşılaşmaq riski çox böyükdür. Bununla əlaqədar təhsil, yerli və beynəlxalq səviyyədə sertifkatlara sahib olmaq, kliniki-dietologiya sahəsində mütləq şəkildə təcrübə, eləcə də insan anatomiyasından tutmuş fiziologiyası, qidalanma elmi və metobalistik proseslər üzrə biliklərə malik olmaq vacib məsələdir”.
Komitə sədrinin müavini söyləyib ki, bu gün otaqlarda asılan bir çox sənəd və sertifkatlar ölkə daxilində və xaricində yaradılmış ictimai birliklər, yaxud hansısa təməl təhsil potensialı olmayan təşkilatlar tərəfindən verilir:
“Bunların mütləq yoxlanılması lazımdır. Problemlərin qarşısını almaq üçün hüquqi nəzarət, ictimai maarifləndirmə olmalıdır. Əhalini sosial media hesabı ilə insanların sertifkat və sənədlərini yoxlamağa təşviq etmək, alınan sertifkatların doğruluğunu yoxlama üçün ayrıca mexanizm yaratmaq lazımdır. Nə qədər mürəkkəb iş olsa da, dövlət və ya agentliklər tərəfindən peşəkar sertifkat sistemi yaradılmalıdır. Eləcə də media platformalarında nəzarət mütləqdir. Saxta cərrahlar da, dietoloqlar da məhz mediada- televiziya proqramlarında tanıdılır, ictimaiyyətə qəbul etdirilir, amma bunlara qarşı ciddi nəzarət mexanizmi hələ ki yoxdur. Olmadıqca da, bu cür problemlərlə qarşılaşmaq qaçılmaz olacaq”.