RU

Faciənin qarşısını almaq olardı – hotelin əməkdaşı Türkiyədəki yanğından danışdı

  Türkiyənin Bolu bölgəsində yerləşən Kartalkaya xizəkçilik mərkəzindəki oteldə baş verən yanğından xilas olan işçi hadisənin baş vermə səbəblərindən danışıb.

Referans.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

78 nəfərin həlak olduğu yanğından xilas olan hotel əməkdaşı Tuni Urhanın sözlərinə görə, sahibkarların səhlənkarlığı olmasaydı, faciənin qarşısını almaq mümkün olardı.

Onun iddialarına görə, yanğın pilləkənindən başlayaraq yanğınsöndürən balonlara qədər hər bir şeydə ciddi xətalara yol verilib. Belə ki, yanğın pilləkənlərinə çıxış hər mərtəbədə qoyulmayıb, yalnız SPA olan mərtəbədən pilləkənə çıxmaq mümkün olub.

Pilləkənlər taxtadan olub və üstü xalça ilə örtülüb. Bu da yanğının sürətlə yayılmasına səbəb olub.

Tuni Urhan deyib ki, hoteldə yanğınsöndürən balonlar olmayıb və yanğın siqnalı da aktiv edilməyib. Buna görə də hotelin qonaqları yanğından gec xəbər tutublar. Avtomatik yanğınsöndürmə sistemi isə ümumiyyətlə işə düşməyib.

Hotelin əməkdaşı hələ ötən ilin dekabrında müvafiq qurumlar tərəfindən hotelə baxış zamanı bir sıra xətaların aşkarlandığını da qeyd edib.

 
Liftlərdən birinin nasaz olması səbəbindən üzərinə bildiriş yapışdırılsa da, hoteldə həmin liftdən istifadəyə davam edilib.

Tuni Urhan bütün bu problemlər fonunda hətta personal arasında “bu mövsümü də salamat başa vura bilsək, xoşbəxt olarıq” deyə zarafatın da yayıldığını vurğulayıb. Onun sözlərinə görə, yanğın zamanı yardım çağırılanda belə onun miqyası barədə yanlış məlumat verilib, ona görə də yanğınsöndürənlər hadisə yerinə gələndə artıq çox geniş ərazini əhatə edən alovun qarşısını almaq da dərhal mümkün olmayıb.

Xatırladaq ki, Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda yerləşən hoteldə yanğın yanvarın 21-də gecə saatlarında baş verib. Hadisə nəticəsində 78 nəfər ölüb, 52 nəfər xəsarət alıb.  

Избранный
21
50
referans.az

10Источники