RU

Aleksandar Vuçiç etiraz aksiyasında saxlanılan 13 nəfərin azadlığa buraxılmasına qərar verib

Belqrad, 30 yanvar, AZƏRTAC

Serbiya Prezidenti Aleksandar Vuçiç tələbələrin keçirdiyi etiraz aksiyası zamanı saxlanılan 13 nəfərin əfv olunması barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, Əfv Komissiyasının bugünkü iclasında bununla bağlı qərar yekdilliklə qəbul olunub. Əfv edilənlər arasında bir dekan, bir dosent, dörd məktəb direktoru, bir direktor müavini və 6 tələbə var.

Həmin 13 nəfər yanvarın 27-də paytaxt Belqradda keçirilən etiraz aksiyası zamanı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı. Aleksandar Vuçiç ötən gün ictimaiyyətə müraciətində saxlanılan 13 nəfərin əfv edilməsindən başqa tələbələrin bütün tələbələrinin yerinə yetirildiyini bildirmişdi.

Qeyd edək ki, keçən il noyabrın 1-də Novı Sad şəhərindəki dəmiryolu vağzalında 15 nəfər öldüyü, 2 nəfərin ağır yaralandığı qəzaya görə tələbələrin keçirdiyi etiraz aksiyasından sonra Serbiyanın Baş naziri Milos Vuçeviç, eləcə də Novi Sad şəhərinin bələdiyyə sədri Milan Dyuriç tutduqları vəzifələrdən istefa veriblər. Yaxın günlərdə ölkədə seçkilər keçirmək və ya yeni hökumətin formalaşdırılması barədə qərar qəbul olunacaq.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Избранный
3
3
azertag.az

10Источники