Rusiya Dövlət Duması ölkədə elektron siqaret istehsalı və idxalını qadağan edən yeni qanun layihəsi hazırlayıb. Qanun layihəsi bütün əlaqəli elektron siqaret cihazlarının ölkə daxilində istehsalını, satışını və idxalını tamamilə dayandırmağı hədəfləyir.
Hafta.az-ın yazdığına görə, layihəni hazırlayan deputatlar gənclərin və ümumiyyətlə, əhalinin sağlamlığını qorumaq məqsədi daşıdıqlarını bildiriblər. Səlahiyyətlilər, elektron siqaretlərin nikotin asılılığına səbəb olduğunu və sağlamlığa mənfi təsirlərinin lazımi səviyyədə araşdırılmadığını vurğulayıb.
Rusiyada elektron siqaretlərlə bağlı bəzi qaydalar əvvəllər də qoyulub. 2023-cü ildə VEYP maye və cihazlarının reklamı, açıq satış məntəqələrində saxlanması və internetdə satışı qadağan edilib. Lakin yeni qanunla istehsal və idxalın tam qadağasının tətbiqi nəzərdə tutulur.
Qanun layihəsinin yaxın həftələrdə Dövlət Dumasında müzakirəyə çıxarılacağı gözlənilir.