AZ

“Yol nişanları tıxaca səbəb ola bilməz” – AYNA-dan şikayətə cavab 

Bir müddətdir Bakıda avtobus zolaqları, velosiped xətləri çəkilir. Hazırda yol infratrukturunun təkminləşdirilməsi məqsədilə digər işlər də həyata keçirilir.

Lakin bütün görülən işlərə baxmayaraq, insanların davamlı olaraq Bakıya axın etməsi şəhərdə sıxlığın günü-gündən daha artmasına səbəb olur. Paytaxta axının intensivliyi nəqliyyat sıxlığına səbəb olur. Bakıda tıxacların artması isə həm sürücüləri, həm də piyadaları narazı salan amildir.

Bəzi sürücülər isə hesab edir ki, yol nişanlarının düzgün yerləşdirilməməsi də yollardakı gərginliyə səbəb olur.

Sürücülərin bir qismi redaksiyamıza şikayət ünvanlayaraq bildirib ki, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsindən başlayaraq Həsən Əliyev küçəsi ilə kəsişməyə qədər olan yolda hər gün səhər saat 8:00-dan axşam saat 21:00-a kimi tıxac olur.

Bundan əlavə, nəqliyyat vasitələri şəhər istiqamətindən Yusif Səfərov küçəsi ilə Babək prospektinə daxil olduqda və üzü Əhmədli qəsəbəsi istiqamətində prospektlə hərəkət edərkən cəmi 6 km-lik məsafədə yolun sol tərəfində yolboyu 6 yerdə geriyə dönmə işarəsi quraşdırılıb. Bu “geriyə dönmə” yol nişanlarının çox olması Babək prospektində sıxlığa səbəb oluduğu qeyd olunub.

KONKRET.az mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlayıb.

AYNA-nın mətbuat katibi Tural Orucov sorğumuza cavab olaraq bildirib ki, yol nişanları hərəkətin təşkilinin elementidir və sıxlığa səbəb ola bilməz.

“Əgər hansısa ərazidə hərəkətin təşkilində uyğunsuzluq varsa, əməkdaşlar tərəfindən əraziyə baxış keçirilib aradan qaldırıla bilər. Koroğlu Rəhimov küçəsində sıxlığın aradan qaldırılması üçün AYNA tərəfindən layihə hazırlanıb, razılaşdırılıb və icrası istiqamətində iş aparılır. Babək prospektində geriyədönmə yerlərinə yaxınlaşmada quraşdırılan 5.8.2 – “Zolaqlar üzrə hərəkət” yol nişanları isə sürücülərin hərəkət edəcəkləri istiqamətləri daha əvvəl müəyyən edə bilməsini göstərir və sürücülər bu nişanların tələbini rəhbər tutmalıdırlar”.

Aygün Mirakif, 

KONKRET.az

Seçilən
86
2
konkret.az

3Mənbələr