AZ

Avtomobil icarəyə götürmək istəyənlərin DİQQƏTİNƏ: Yeni qayda nələri dəyişəcək?

Azərbaycanda avtomobil icarəsi əməliyyatlarının rəqəmsallaşdırılmasını nəzərdə tutan portalın yaradılması məsələləri müzakirə edilib. 

Referans.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) istinadən xəbər verir. Məlumata görə, qurumun rəhbərlik etdiyi “Avtomobil icarəsi şirkətlərinin fəaliyyətinin tənzimlənməsi və stimullaşdırılması üzrə” Tematik qrupun növbəti iclası keçirilib. 

Bu qrup Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dövlət Turizm Agentliyinin rəhbərlik etdiyi “Turizmin inkişafı” İşçi qrupunun tərkibində yaradılıb. İclas zamanı özəl sektor, aidiyyəti dövlət qurumları ilə aparılmış müzakirələrin nəticələri, eləcə də beynəlxalq təcrübə nəzərə alınmaqla RİNN-nin hazırladığı normativ hüquqi akt layihələri və avtomobil icarəsi əməliyyatlarının rəqəmsallaşdırılmasını nəzərdə tutan portalın yaradılması məsələləri müzakirə edilib. 

Bildirilib ki, bu sahənin dövlət tənzimlənməsi təşəbbüsü sahibkarların qarşılaşdıqları çətinliklərin və qeyri-qanuni fəaliyyət nəticəsində üzləşdikləri haqsız rəqabətin aradan qaldırılması, eyni zamanda onların səmərəli iqtisadi fəaliyyətinə, eləcə də sahənin investorlar üçün cəlbediciliyinə şərait yaradılması ilə bağlı, məhz özəl sektorun çağırışlarına cavab olaraq irəli sürülüb. 

Müzakirələr çərçivəsində irəli sürülmüş layihələrə dair aidiyyəti qurumların nümayəndələrinin, həmçinin şirkətlərin təmsilçilərinin rəy və təklifləri dinlənilib. Daha sonra müzakirələrdə qaldırılan məsələlərin təhlil edilməsi, aidiyyəti qurumların layihələrlə bağlı rəy və təkliflərinin ümumiləşdirilməsi və müvafiq qərarlar qəbul edilməsi üçün yekun layihələrin qısa müddət ərzində Komissiyaya təqdim edilməsi barədə Tematik qrupa tövsiyələr verilib. 

Maraqlıdır, bu portalın yaradılması avtomobil icarəsi sahəsinə hansı yeniliklər gətirəcək? 

Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, belə bir portalın yaradılmasına çoxdan ehtiyac var idi:

“Çünki bizim ölkəmizdə kifayət qədər həm yerli, həm xarici avtomobil kirayəsi şirkətləri çalışır. 

Bu portalın olması həm də onların işini daha keyfiyyətli və təhlükəsiz edəcək. Burada həm informasiya mübadiləsi olacaq, həm də  şirkətlərin keyfiyyətli xidməti ilə bağlı müştərin rəyləri nəzərə alınacaq. Bunların hamısının ümumi bir portalda toplanması olduqca yaxşıdır”. 

Ekspert qeyd edib ki, Azərbaycana səfər edən turistlərin sayı artdığına görə avtomobil icarəsi elektronlaşdırılmalıdır: 

“Ölkəmizə artıq il ərzində bir milyondan çox turist səfər edib. 

Hətta bu rəqəm 2 milyarda çatır. Avtomobil kirayəsindən də yararlanan xarici vətəndaşların sayı kifayət qədərdir. Ona görə də bu portalın yaradılması məqsədəuyğundur. Həm də yerli avtomobil kirayəsi şirkətləri üçün də müsbət nəticə verəcək. 

Yerli şirkətlərin xaricə çıxışı daha rahat olacaq”. 
 
Seçilən
59
1
referans.az

10Mənbələr