AZ

“Futbolçularım mənə yox, Azərbaycana görə mübarizə aparmalıdırlar”

UEFA Millətlər Liqasının qrup mərhələsinin III turu çərçivəsində oktyabrın 11-də “Lilleküla” stadionunda keçiriləcək Estoniya - Azərbaycan oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Fernandu Santuş və komandamızın üzvü Abbas Hüseynovun səsləndirdiyi fikirləri nəzərinizə çatdırırıq:
Fernandu Santuş: “Estoniya yığmasının Millətlər Liqasında keçirdiyi hər iki oyunu, eləcə də, ötən il Azərbaycan millisi ilə baş tutan görüşü izləmişəm. Komandam mənim nə istədiyimi bilir. Hücumda oynamağa üstünlük veririk. Futbolçularımın rəqib barədə ətraflı məlumatları var. Estoniya yığması heç də zəif komanda deyil. Fikrimcə, onlar hücumda oynayacaq və bizi müdafiəyə sıxmağa çalışacaqlar. Ancaq futbolçularıma müdafiəyə çəkilməməyi tapşırmışam. Yalnız bir düşüncə tərzi ilə getmək, heç kimdən çəkinməmək lazımdır. Rəqibin güclü və ya zəif olmasını müqayisə etmək yox, komandamın eyni yolla getməsi vacibdir. Sabah ən yaxşı matçlarımızdan birini keçirməyə çalışacağıq. Ümid edirəm ki, futbolçularım sabah mənə ad günü hədiyyəsi edərlər. Əsas məsələ onların mənə yox, Azərbaycana görə mübarizə aparmalarıdır. Düşünürəm ki, komandamız get-gedə daha yaxşı olacaq.
Kifayət qədər böyük karyeram var. Futbol oynamışam, indi isə məşqçilik edirəm. Azərbaycan gözəl ölkədir və burada çalışmaqdan məmnunam. Mənə motivasiya verən səbəblərdən biri AFFA-nın prezidenti və qurumdakı insanlarla əlaqə saxladığım zaman burada futbola böyük marağın olmasını görməyim oldu”.
Abbas Hüseynov: “Oyuna yaxşı hazırlaşmışıq. Komandada çox yaxşı ab-hava var. Sabah uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Vətənə 3 xalla dönəcəyimizə inanıram. Özüm isə ağır zədədən sonra optimal forma yığmağa çalışıram. Əvvəlkindən də yaxşı formaya düşmək üçün əlimdən gələni edirəm”.
 
Seçilən
83
1
affa.az

2Mənbələr