AZ

Tikinti materialları niyə bahalaşır? - Açıqlama

Tikinti materiallarının istehsalı sahəsində 2024-сü ilin yanvar-sentyabr aylarında istehsalın ümumi dəyəri 1039,5 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 22,9 faiz artıb. 
Dövlət Statistika Komitəsinin hesablamalarına görə, dövr ərzində sementdən, betondan kərpiclər və oxşar məmulatların istehsalı 57,3 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 36,4 faiz, beton istehsalı 31,9 faiz, asfalt istehsalı 18,2 faiz, sement istehsalı isə 12,1 faiz artıb.
 
Lakin son günlər havaların soyuması tikinti bazarına da  təsirsiz ötüşməyib.
Bir çox tikinti materiallarının qiyməti qalxıb.
 
Məsələ ilə bağlı Moderator.az-a danışan iqtisadçı Natiq Cəfərli qeyd edib ki, tikinti materiallarının qiymətinin qalxmasının bir neçə səbəbi var. Daxili istehsalı olan tikinti materiallarının qiymətinin qalxmasının əsas səbəbi iki ay  öncə dizel yanacağının qiymətinin 25 faiz bahalaşması olub:
 
“Tikinti materiallarının istehsalında və daşınmasında dizel yanacağı çox önəmli rol oynayır. Dizel yanacağının kəskin artması yerli istehsal materiallarına da ciddi təsir göstərdi.
Digər səbəb odur ki, biz böyük ölçüdə tikinti materiallarının idxalı ilə məşğuluq. Yəni yerli istehsal azdır.Tikinti materiallarını Rusiyadan, Türkiyədən, İrandan, Çindən idxal edirik və yol xərclərinin artması idxal mallarının qiymətinə də təsir göstərib”.
İqtisadçı vurğulayıb ki, tikinti materiallarının qiymətinin qalmasının digər səbəbi isə tələbin artmasıdır:
 
“Tələb kəskin artıb. Çünki işğaldan azad olunmuş digər bölgələrimizdə çox böyük sürətlə təmir, tikinti işləri gedir. Təmir işlərinə  dörd il ərzində 19 milyard manatdan  artıq vəsait xərclənib. Ona görə də, tikinti materiallarına tələb artıb. Təbii ki, iqtisadiyyatın qanununa görə tələb artdıqca qiymət də yüksəlir. Təəssüf ki, bu trend davam edir və davam edəcəkdir. Hətta mənzil qiymətlərinin artmasının səbəblərindən biri də məhz elə bu tikinti materialları bazarındakı bahaçılıqdır. Bunun yaxın zamanlarda qiymətlərin sabitləşəcəyini söyləmək təəssüf ki, mümkün deyil”.
 
Mehin Mehmanqızı
 
 
 
 
Seçilən
127
44
moderator.az

10Mənbələr