AZ

Hansı müxalifət partiyaları bələdiyyə seçkilərə GEDİR...

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə hazırlaşır.

Belə ki, 2025-ci il yanvar ayının 29-da işğaldan azad olunmuş ərazilər istisna olunmaqla ölkədə bələdiyyə seçkiləri keçiriləcək.

MSK-nın açıqladığı son rəqəmlərə görə, 8071 bələdiyyə yerinə hələ ki 3662 nəfər namizədliyini irəli sürüb.

Bəs hansı siyasi partiyalar seçkidə iştirak etmək barədə qərar verib?

Modern.az bu sualı bir sıra siyasi partiyalara ünvanlayıb.
 

Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, onlar seçkidə iştirak edəcəklər:
 

"Ağ Partiya olaraq bütün seçkilərdə iştirakın tərəfdarıyıq. Hər hansı seçkini boykot etməyi, görməzdən gəlməyi uyğun hesab etmirik. Çünki seçki hakimiyyətə, dövlət idarəçiliyinə gəlməyin yeganə legitim yoludur. Buna görə də bələdiyyə seçkilərində Ağ Partiya olaraq iştirak edəcəyik. Neçə nəfər namizədimizin hansı bələdiyyədə yarışacağı məsələsi gedişatda məlum olacaq. Çünki bələdiyyələrin Azərbaycanda oynadığı rolun, təsir imkanlarının nə qədər olduğu heç kimə sirr deyil. Bələdiyyələr öz üzvlərinin böyük hissəsinə maaş belə vermirlər. Belə bir qurumda təmsil olunmağa adamın o qədər həvəsi olmur. Partiya olaraq rayon və region təşkilatlarının seçki vərdişlərinin formalaşması, təbliğat və təşviqat işləri baxımından prosesdə iştirakımız  olacaq. Amma bəlli say müəyyən olunmayıb. Kimin harada namizəd olması üzvlərimizdən asılıdır. Nəticə qazanma potensialı olan kifayət qədər namizədimiz var".
 

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, namizədlər öz təşəbbüsləri ilə seçkilərdə iştirak edə bilərlər:
 

"Partiya olaraq bələdiyyə seçkilərində iştirakla bağlı İdarə Heyəti toplanacaq. Ümumi rəy bundan ibarətdir ki, seçkidə namizədlər öz təşəbbüsləri ilə iştirak edə bilərlər. Eyni zamanda, səsvermədə də hər kəs öz iradəsi ilə iştirak edə bilər. Partiya xətti ilə namizədlərin verilməsi məsələsi müzakirə olunacaq. Bələdiyyə seçkilərində iştirak hər hansı imtiyaz yaratmır, eləcə də burada iştirak etməklə bağlı bürokratik tələblər yoxdur. Üstün olan rəy bundan ibarətdir ki, üzvlər öz təşəbbüsləri ilə namizədliklərini irəli sürsünlər. İstənilən şəxs partiya mənsubiyyətini göstərə və ya göstərməyə bilər".
 

Azad Vətən Partiyasının sədri Akif Nağı 25-30 nəfərlə bələdiyyə seçkilərində iştirak etməyi planlaşdırdıqlarını deyib:

"Azad Vətən Partiyası seçkilərdə təbii ki, iştirak edəcək. Çünki siyasi partiyalar üçün əsas məsələ seçkilərdir. Seçkilərdə iştirak etməyən siyasi partiyaların mövcud olmasının heç bir mənası yoxdur. Biz parlament seçkilərində iştirak etmişik. Təcrübəmiz var.  Bələdiyyə seçkilərində də dəyişikliklər var. Ölkınin idarə olunmasında bələdiyyənin rolu böyükdür. Onların statusunun genişləndirilməsi ilə bağlı təkliflər də var. 25-30 nəfərlə bələdiyyə seçkilərində iştirak etmək planımız var. Çalışacağıq ki, rayonların bir hissəsini əhatə edək".


Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı vurğulayıb ki, seçkidə iştirak barədə Divanının qərarı var: 

"Namizədlərin irəli sürülməsi səlahiyyəti, Divanın nəzarəti olmaqla, namizədin qeydiyyatda olduğu ərazidə fəaliyyət göstərən rayon təşkilatlarına verilib.
Partiyanın önümüzdəki günlərdə keçirləcək Məclisində namizədlərin və bələdiyyələrin sayı haqqında məlumatın dinlənilməsi nəzərdə tutulub".
 

Haqq Ədalət Partiyası sədrinin siyasi məsələlər üzrə müşaviri Qəvami Sadıqbəyli də qeyd edib ki, təmsil olunduğu siyasi qurum 29 yanvar 2025-ci il tarixində keçiriləcək bələdiyyə seçkilərində iştirak etməyi nəzərdə tutur:

"Çox güman ki, partiyamız respublikamızınn rayonlarında və kəndlərində fəaliyyət göstərəcək bələdiyyələrin əksəriyyətində təmsil olunmaq üçün seçki yarışına qoşulacaq".

Seçilən
45
21
modern.az

5Mənbələr