Mütəxəssislər zeytun yağından istifadə zamanı edilən səhvlərin sağlamlığa mənfi təsirləri ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Hafta.az-ın yazdığına görə, zeytun yağı sağlam qidalanmada mühüm yeri olan və Aralıq dənizi pəhrizinin əvəzolunmaz hissəsi kimi tanınan bir yağdır. Bununla belə, zeytun yağının istifadəsi və saxlanması ilə bağlı bəzi ümumi yanlış təsəvvürlər onun sağlamlığımız üçün faydalarını azalda bilər. Qida mütəxəssisi Elif Erol zeytun yağı ilə bağlı vacib məqamlara diqqət çəkir.
"Yaxşı baxımlı zeytunlardan alınan, doğru zamanda yığılan və soyuq sıxma üsulu ilə istehsal edilən zeytun yağları daha keyfiyyətlidir. Zeytun yağının keyfiyyətini təyin edən mühüm amil onun polifenol dəyəridir. Yüksək polifenol dəyəri zeytunun tərkibindəki təbii antioksidanların yağa daha çox sorulduğunu göstərir” deyən xanım Erolun fikrincə, zeytun yağının düzgün saxlanması onun keyfiyyətini qorumaq üçün də vacibdir. Zeytun yağı ilə qarşılıqlı təsir göstərə biləcəyi üçün plastik qablaşdırmaya üstünlük verilməməlidir. Bundan əlavə, işıq zeytun yağının faydalı komponentlərini məhv edə bildiyi üçün onu qaranlıq şüşə butulkalarda və ya bankalarda saxlamaq lazımdır. Erol, "İstehlakçılar zeytun yağı seçərkən turşuluğu az və polifenol dəyəri yüksək olan məhsullara üstünlük verməlidirlər. Bu xüsusiyyətlər zeytun yağının erkən yığıldığını və soyuq sıxma olduğunu göstərir" deyib.
Zeytun yağının yanma temperaturu təxminən 210 dərəcə olduğu üçün yüksək temperaturda bişirmə proseslərində ehtiyatla istifadə edilməlidir. Yüksək istilik zeytun yağının faydalı xüsusiyyətlərini azalda bilər. Erol, "Zeytun yağı ilə yeməklər hazırlayarkən yüksək istiyə məruz qalmamağa diqqət edin. Zeytun yağının acılıq, kəskinlik və meyvəlilik kimi xüsusiyyətlərinin tarazlığı onun güclü bir zeytun yağı olduğunu göstərir" deyib.