AZ

Vinisius Junior: “Kilian Mbappeyə heyranam, o, əla futbolçudur”

“Real”ın braziliyalı ulduz hücumçusu Vinisius Junior “qaymaqlılar”ın fransalı ulduz hücumçusu Kilian Mbappe haqda fikrini ifadə edib.

Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, braziliyalı ulduz həmçinin “qaymaqlılar”ı bir komanda olaraq qiymətləndirib:

“Mən Mbappenin böyük pərəstişkarıyam. Mən ona çoxlu ismarışlar göndərirdim (Mbappe “Real”a keçməmişdən əvvəl – redaktorun əlavəsi), çünki həmişə onunla oynamaq arzusunda idim. Kilian əla futbolçudur. Uzun müddətdir ki, bir-birimizin oyun səviyyəsinə heyran olmuşuq.

Bizim yaxşı komandamız var, orada hamı bir-birinə çox hörmətlə yanaşır, heç kim şöhrətpərəstliyə qapılmayıb. Biz “Real”ı həmişə olması gərək olan zirvəyə çatdırmaq üçün buradayıq”, deyə Vinisius vurğulayıb.

Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.

Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində 23 oyuna çıxıb, 13 qol vurub, 3 məhsuldar ötürmə verib.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 6 dəfə və “Monako” ilə 1 dəfə Fransa Liqa 1-in, 4 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun (2024) və FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

Seçilən
38
13
arena.az

10Mənbələr