''Qalatasaray'' bu mövsüm bir tərəfdən həm superliqa, həm də Avropa Liqasında məğlubiyyətsiz şəkildə yoluna davam edirsə, digər tərəfdən komandanın çox qol buraxması birmənalı qarşılanmır.
''Football-plus.az'' xəbər verir ki, ən son Kiyev ''Dinamo''su ilə oyunda buraxılan 3 qol və Fernando Musleranın fitə basılması bu məsələni yenidən aktuallaşdırdı. Türkiyə çempionu son 11 rəsmi oyununu heç birində qapısını toxunulmaz saxlaya bilməyib! Okan Buruk bəzən 3, bəzən də 4 müdafiəçili sistemə üstünlük verir. Amma bunun bir fərqi olmur. Komanda qollar buraxmaqda davam edir. ''Cim-Bom'' bu mövsüm 30 rəsmi oyunda 47 qol buraxıb və bunların cəmi 4-də qapısını toxunulmaz saxlayıb.
Bəs görəsən bu problem hardan qaynaqlanır? Həmişəki səviyyəsindən zəif çıxış edən Musleradı, yoxsa, müdafiəçilər?
Problem Musleradan qaynaqlanırsa, məntiqlə onun olmadığı oyunlarda komanda qol buraxmamalıdı. Amma reallıqda heç də belə deyil. 30 oyunun 4-də digər qapıçı Günay Güvənç start heyətində meydana çıxıb və o da heç bir qarşılaşmada qapısını toxunulmaz saxlaya bilməyərək ümumilikdə 8 top buraxıb. Əksinə İstanbul nəhənginin bu mövsüm qol buraxmadığı 4 oyunun hər birində qapıda Muslera dayanıb. Yəni problemin kökü Musleradan qaynaqlanmır.
Əsas məsələ ''Qalatasaray''ın bu mövsüm komanda şəklində yaxşı müdafiə olunmaması və müdafiənin mərkəzində Abdülkadir Bardakcı ilə Devinson Sançesin üzərinə həddən artıq çox yük düşməsidi. Çünki digər müdafiəçilər ortalıqda yoxdu. Viktor Nelsson az qala şans qazandığı hər oyunda kobud səhvlərə yol verərək qolların buraxılmasına səbəb olur. Digər müdafiəçi Metehan Baltacı isə istedadlı olsa da, hələ ki, yetərlitəcrübəyə malik olmadığından hər an səhvə yol vermək ''potensialına'' malikdi. Ona görə də ''sarı-qırmızılar'' transfer dönəmində ilk növbədə müdafiəni gücləndirməlidi.
Maraqlıdı ki, Milan Şkrinyar kimi təcrübəli müdafiəçi son anda əldən çıxdı. Özü də o, əzəli rəqib ''Fənərbaxça''ya keçməyə üstünlük verdi.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta