AZ

5G şəbəkəsi nədir və insanlar üçün təhlükəlidimi?

5G internet, "beşinci nəsil" mobil şəbəkə texnologiyasının qısa adı olaraq istifadə edilir.

5G internet əvvəlki nəsil şəbəkələrdən daha sürətli və güclü bir bağlantı yaratmağa imkan verir. Bu şəbəkə internet istifadəçilərinə daha sürətli məlumat ötürmək və daha geniş əlaqə imkanları verir. Amma vətəndaşlar arasında 5G internet şəbəkəsi ilə bağlı müxtəlif xoşagəlməz məlumatlar dolanır.

Bəs 5G internet şəbəkəsi ilə bağlı yayılmış "insanlara zərər verir" xəbərləri nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov "Operativ Media"ya açıqlama verib .

İKT üzrə mütəxəssiz bildirib ki, ümumiyyətlə, radiodalğalar insan orqanizminə müəyyən cəhətlərdən təsir göstərir: " Bu təsirlər fiziki və bioloji proseslərdə müxtəlif dəyişikliklərə səbəb ola bilər. Lakin 5G internet şəbəkəsinin insan orqanizminə təsiri ilə bağlı məsələlər hələ də tam aydın deyil. Məsələn, 5G texnologiyasının yaydığı şüalarla əlaqədar bir sıra mübahisələr mövcuddur. Bəzi insanlar bu şüaların sağlamlığa mənfi təsir göstərə biləcəyini düşünürlər, lakin elmi tədqiqatlar hələ də bu mövzuda yekun nəticəyə gəlmiş deyil.

Mətbəxdə istifadə olunan avadanlıqlarda belə müəyyən səviyyədə radiodalğalar mövcuddur. Lakin bu şüaların təsiri, ümumilikdə, çox minimaldır və orqanizmə mənfi təsir göstərməsi ehtimalı son dərəcə azdır. Bu, heç də demək deyil ki, hər bir şüa təhlükəlidir.  Lakin 5G şəbəkəsinin insan sağlamlığına təsiri barədə daha çox araşdırma aparılmalıdır.

Bu barədə cəmiyyətdə çoxsaylı fərqli düşüncələr və təfəkkürlər mövcuddur. Bir qisim insanlar 5G-nin sağlamlığa zərərli olduğunu və hətta insanları öldürdüyünü irəli sürürlər. Bu fikirlər zaman-zaman geniş yayılmaqla yanaşı, ciddi narahatlıq doğurur. Məsələn, 2020-ci il karantin dövründə bəzi insanlar bu pandemiyanı internet şüaları ilə əlaqələndirirdilər. Guya, koronavirusun yayılmasında 5G texnologiyasının birbaşa rolu var idi. Ancaq bu iddialar tamamilə əsassızdır və heç bir elmi əsaslandırma ilə dəstəklənmir. Onların arxasında heç bir konkret və təsdiq edilmiş sübut yoxdur. Əksinə, hələlik bu məsələ ilə bağlı aparılan bütün tədqiqatlar 5G şəbəkəsinin insanların sağlamlığına ciddi təhlükə yaratmadığını göstərir.

Ekspert bildirib ki, artıq bu texnologiyalardan ayrılmaq, onlardan qaçmaq artıq mümkün deyil:

Buna baxmayaraq, insanların bu cür məsələlərə dair şübhələri və narahatlıqları təbii haldır. Çünki tarixdə bir çox hallarda böyük şirkətlər və korporasiyalar insanları aldatmış, onlara faydalı olduğunu iddia etdikləri məhsulların və texnologiyaların əslində sağlamlığa zərər verdiyini ortaya çıxmışdır. Məsələn, bir çox illər ərzində şəkərin xeyirli olduğu, bəzi əşyaların sağlamlığa heç bir ziyanı olmadığı irəli sürülüb. Lakin zamanla bu iddiaların nə qədər yalan olduğu üzə çıxıb. Hətta bəzi araşdırmaların da pul müqabilində müəyyən maraqlar uğrunda hazırlanması məlum olub. 

Gələcəkdə, 40-50 ildən sonra, bəlkə də məlum olacaq ki, 5G şəbəkələri, müxtəlif antenalar və digər yeni texnologiyalar insan sağlamlığına müəyyən mənfi təsir göstərib. Lakin bu gün üçün bu, hələlik yalnız ehtimallardan ibarətdir. Nə olursa olsun, biz cəmiyyətdə yaşayırıq və bu texnologiyalardan ayrılmaq, onlardan qaçmaq artıq mümkün deyil. Sivilizasiya inkişaf edir və dünya texnoloji inqilablarla dəyişir. Hətta deyə bilərəm ki, son bir neçə ildə bu inkişafların nəticələrini artıq aydın şəkildə görə bilərik. Bu dəyişikliklər həm müsbət, həm də mənfi nəticələrə səbəb ola bilər, amma bu inkişafların qarşısını almaq artıq çətindir".

Seçilən
114
27
operativmedia.az

10Mənbələr