Rialın tümənlə əvəzlənməsi ölkəni iqtisadi böhrandan çıxaracaqmı...
İran rəsmi valyuta sistemində əsaslı dəyişikliklərə hazırlaşır. Hazırkı “İran rialı” “İran tüməni” ilə əvəz ediləcək və pul əsginaslarından 4 sıfır silinəcək. Beləcə, milli valyuta 10000:1 nisbətində denominasiya olmalıdır. Bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, bu islahat layihəsi ilk dəfə 2019-cu ildə təklif olunub və təsdiqlənib. Lakin məhz indi prezident Məsud Pezeşkiyan layihəni təcili olaraq parlamentə təqdim edib. İslahatın əsas məqsədi xroniki inflyasiya və valyutanın aşağı alıcılıq qabiliyyətindən irəli gələn problemlərlə mübarizə aparmaqdır.
Qeyd edək ki, son illərdə İranda iqtisadiyyatın müxtəlif sahələrində müşahidə olunan çətinliklər, o cümlədən beynəlxalq sanksiyalar və milli valyutanın kəskin ucuzlaşması bu islahatların zəruriliyini daha da artırıb. Bəzi maliyyə ekspertləri hesab edirlər ki, bu addım yalnız psixoloji təsir yaratmaqla kifayətlənməyəcək, həmçinin valyuta sistemini sadələşdirəcək.
İran rəsmiləri hesab edirlər ki, denominasiya mümkün qədər tez həyata keçirilməlidir. Səbəb İran rialının bazar məzənnəsinin rekord səviyyədə aşağı düşməsidir: dekabrın 19-da dollara nisbətdə tarixi minimuma - 1 dollar üçün 777 min riala düşüb. Eyni zamanda İran Mərkəzi Bankının rəsmi məzənnəsi 2017-ci ildən faktiki olaraq dəyişməz qalıb - 1 dollar üçün 420 min rial səviyyəsində.
Milli pul vahidinin dəyişməsi və denominasiya İran iqtisadiyyatında getdikcə dərinləşən problemləri aradan qaldırmaq üçün yetərli olacaqmı? Tehrana qarşı barışmaz mövqedə olan Donald Trampın hakimiyyətə gəlişi İran üçün hansı nəticələr vəd edir?
Qeyd edək ki, tümən əvvəllər də İranın əsas valyutası olub. Tümən İranda 19-cu əsrin əvvəllərindən rialı əvəz edib, 1932-ci ilə qədər pul vahidi olub. Həmin il pul islahatı həyata keçirilib və tümən rialla əvəz edilib.
Müxtəlif ölkələrdə həyata keçirilən denominasiyaların tarixi təcrübəsi sübut edir ki, denominasiya inflyasiyanın qarşısını alan addım deyil, əksinə, bir çox hallarda onu sürətləndirən amilə çevrilir. Çünki yuvarlaqlaşdırmaya görə ən ucuz mallar bahalaşır. Əlbəttə ki, bu, inflyasiyanın əsas səbəbi olmur, lakin onun sürətlənməsinə töhfə verir.
İran iqtisadiyyatının real durumunu göstərən statistika ictimaiyyətə çox məhdud səviyyədə açıqdır. Məsələn, İran hakimiyyəti mövcud işsizlik səviyyəsini ictimaiyyətə açıqlamır. Lakin yerli əhalinin məşğulluğunu başqa bir göstərici ilə - məşğul əhalinin sayı ilə qiymətləndirmək olar. Hazırkı statistikaya əsasən, İranda 24,8 milyon nəfər muzdlu işdə çalışan var. Yəni 85 milyonluq əhalinin cəmi 24,8 milyonunun iş yeri var. Bu isə o deməkdir ki, əhalinin 29 faizi məşğul, 71 faizi işsizdir. Əgər yaş kateqoriyalarını nəzərə almasaq, demək olar ki, 18-20 milyon əmək qabiliyyətli İran vətəndaşı işsizdir.
Doğrudur, 2018-ci ildə Donald Trampın sanksiyaları bərpa etməsi nəticəsində İran iqtisadiyyatı iki il (2019-2020) kiçildikdən sonra yenidən artım yoluna qayıdıb. Hətta ötən ili gözləniləndən daha yüksək - 5 faizdən yuxarı artımla başa vurub. Lakin bu hesablamaların İranın siyasiləşmiş rəsmi statistikasına əsaslandığını nəzərə alsaq, onun mötəbər olmadığını söyləyə bilərik. Digər tərəfdən, bilavasitə real həyat səviyyəsində hiss olunmayan iqtisadi artımdan sadə vətəndaşa nəsə çatdığını düşünmək sadəlövhlük olar. Real həyatda təkcə son bir ildə İranda inflyasiyanın 50 faizə qədər sürətlənməsi, xüsusilə ərzaq məhsullarının 40 faizə yaxın bahalaşması qeydə alınmaqdadır.
Üstəlik, son aylarda ölkədəki enerji böhranı da son həddə qədər kəskinləşib. “The New York Times” (NYT) yazır ki, İranda elektrik enerjisinin kəsilməsi səbəbindən dövlət və özəl müəssisələr və bəzi dövlət qurumları fəaliyyət göstərmir. Magistral yollar və ticarət mərkəzləri də qaranlığa qərq olub. İran təsdiqlənmiş qaz ehtiyatlarına görə dünyada ikinci, xam neft ehtiyatlarına görə isə dördüncü yerdə olsa da, ölkə müntəzəm olaraq yanacaq çatışmazlığı ilə üzləşir. Nəşr buna səbəb kimi Qərbin nüvə proqramına qarşı sanksiyaları, səmərəsiz idarəetmə, enerji infrastrukturunun korlanması və israfçı daxili istehlakı qeyd edir.
"Tasnim" agentliyinin məlumatına görə, gündə 50 milyon kubmetr qazın çatışmaması ölkədə 17 elektrik stansiyasının dayanmasına, bu da ölkə üzrə elektrik enerjisinin dalğavari kəsilməsinə səbəb olub. İndi İran rəsmilərinin məlumatına görə, gündəlik qaz çatışmazlığı 350 milyon kubmetrə qədər artıb. Bu da dövlət qurumları tərəfindən qaz istehlakının 5-10 faiz, ölkədə isə təxminən 3 faiz azalmasına səbəb olub.
İran prezidenti Məsud Pezeşkian dekabrın 12-də televiziya ilə çıxışında hökumətə enerji böhranının öhdəsindən gəlməyə kömək etmək üçün vətəndaşları evlərindəki orta temperaturu ən azı 2 dərəcə azaltmağa çağırıb. O qeyd edib ki, İranın elektrik və qaz istehlakı dünya üzrə orta göstəricidən 3 dəfə çoxdur. Lakin hələ sentyabr ayında İran Elektrik Sənayesi Sindikatının sədri Həsənəli Tağızadə "İran İnternational" portalına bildirmişdi ki, İranda adambaşına orta illik elektrik istehlakı 1220 kilovatsaat, Avropada isə 2120 kilovatsaatdır.
Ölkənin Sənaye Koordinasiya Şurasının rəhbəri Mehdi Bostançı NYT ilə söhbətində ölkədə enerji təchizatı ilə bağlı fəlakətli vəziyyətin olduğunu deyib. Bildirib ki, vəziyyət “İran sənayesinin indiyə qədər qarşılaşdığı bütün hallardan” fərqlidir. Onun hesablamalarına görə, enerji böhranı ölkə üzrə məhsul istehsalının 30-50 faiz azalmasına və on milyardlarla dollar itkilərə səbəb ola bilər.
Enerji böhranı İranı Suriyada Tehranla müttəfiq Bəşər Əsəd hökumətinin devrilməsindən sonra Yaxın Şərqdə mürəkkəb geosiyasi vəziyyətin fonunda vurur. Beynəlxalq Enerji İnstitutunun araşdırmasına görə, İranda elektrik enerjisi istehsalının 70 faizi təbii qazdan asılıdır. Ekspertlərə görə, İranda enerji böhranı sanksiyalarla yanaşı, pis idarəetmədən qaynaqlanır. Belə ki, İranın gizli neft ixracından əldə etdiyi gəlirlərin, demək olar ki, yarıdan çoxu İran iqtisadiyyatının bir çox sahələrində hökmranlıq edən İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) gedir O, enerji sektoru da daxil olmaqla, İran iqtisadiyyatının ən gəlirli 25 faizinə nəzarət edir.
SEPAH iqtisadiyyatın müxtəlif sahələrindən əldə olunan gəlirləri Yaxın Şərqin müxtəlif nöqtələrindəki hərbi proksi qruplaşmaları bəsləmək üçün istifadə edir. Korpus daxilindəki yüksək korrupsiyalaşma ayrılan pulların mühüm bir hissəsinin mənimsənilməsinə gətirib çıxarır. İranın qaz və elektrik enerjisi istehsalı sənayesində avadanlıq və texnologiyalar son dərəcə köhnəlmiş vəziyyətdədir. Neftdən fərqli olaraq qazı gizli satmaq mümkün olmadığı üçün SEPAH orada hansısa texnoloji yeniliklərin tətbiqində maraqlı deyil.
Belə bir şəraitdə sanksiyalardan yayınmaq üçün kriptovalyuta mayninqinin genişlənməsi enerji istehlakını kəskin şəkildə artırır. Enerji istehsalı dövlət tərəfindən subsidiyalaşdırıldığına görə istehlakın artması dövlətin üzərində əlavə ağır yük yaradır. Lakin sosial narazılıqlardan ehtiyat edən hökumət enerji qiymətlərini artıra bilmir.
İran iqtisadiyyatı üçün daha mühüm bir problem getdikcə kəskinləşən beyin axınıdır. Ölkədə ali təhsil alan insanların çoxu daha dərin bilik üçün xaricə gedir və bir daha ölkəyə qayıtmırlar. Nəticədə iqtisadiyyatın əsas sahələrində bilikli və bacarıqlı kadrların çox kəskin çatışmazlığı yaranıb. Həmçinin iqtisadiyyatda əmək məhsuldarlığı sürətlə azalır, texnoloji yeniliklərin tətbiqi minimuma düşür.
İranın əsas gəlir mənbəyi, əlbəttə, gizli neft ixracıdır. İran neftinin alıcısı isə əsasən Çindir. Lakin hətta Çin də BMT tərəfindən qoyulan embarqoya qarşı gedə bilmədiyinə görə İran nefti Malayziya sahillərinə daşınaraq orada bu ölkənin tankerlərinə yüklənir və Malaziya nefti kimi Çinə daxil edilir. Bu sxem neçə illərdir var və ABŞ ona göz yumurdu: hər halda, gündəlik neft hasilatı 0,6 milyon barel olan Malayziyanın ixracının 1,6 milyon barel təşkil edə bilməyəcəyini Vaşinqtonda çox yaxşı bilirdilər. Lakin İranın Ukraynadakı işğalçı müharibədə Rusiyaya hərbi dəstək verməyə başladığı 2023-cü ilədək hamı bu “gizli” neft satışına göz yumurdu. Ötən ildən isə həm Malayziyaya təzyiqlər artırılıb, həm də İran neftini daşıyanlara. Artıq yüzə yaxın tanker sanksiyaya məruz qoyulub, prosesin Trampın yeni hakimiyyəti dövründə daha da kəskinləşəcəyi gözlənilir. Digər tərəfdən, Çin iqtisadiyyatında artım sürətinin yavaşıması neftə tələbatın azalması ilə müşayiət olunur. Çinin alışları azaltması və sanksiyalar İranın neft ixracından gəlirlərinin kəskin azalması demək olacaq. Çünki əvvəla, ixrac həcmi azalacaq, ikincisi isə sanksiyalara görə nefti satmaq üçün daha böyük qiymət endirimlərinə gediləcək. Neft gəlirlərinin azalması SEPAH-ın digər sahələrdəki gəlirlərə əl uzatmasına, bu isə son nəticədə əhaliyə çatan pulların azalmasına gətirib çıxaracaq.
Qeyd olunanlar aydın göstərir ki, İran iqtisadiyyatı üçün çox çətin dönəm başlayıb. "Fitch Solutions" analitik şirkətinin hesablamalarına görə, İranın neft ixracının 2024-2025-ci illərdə 15,9 faizdən 6,8 faizə, 2025-2026-cı illərdə isə hətta 1,2 faizə qədər azalacağı gözlənilir. Şirkət qeyd edir ki, neft sektoru İran iqtisadiyyatında çox vacib rol oynayır və onun durğunluğu dövlətin gəlirlərinə təsir edəcək, xüsusən də sanksiyalardan yayınmaq üçün alıcılara əhəmiyyətli endirimlər etmək zərurəti yarandığı zamanda. Bu, fiskal məhdudiyyətləri gücləndirəcək, əmək haqqının və sosial müavinətlərin artımını ləngidəcək və bütün bu amillər öz növbəsində yekunda şəxsi istehlaka təsir edəcək.
İran prezidenti Məsud Pezeşkian illik 8 faizlik iqtisadi artıma nail olmaq üçün iqtisadiyyata 100 milyard ABŞ dollarından çox xarici sərmayənin cəlb edilməsinin vacibliyini açıqlayıb. Lakin ABŞ-ın davam edən sanksiyalarını və İranın Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Maliyyə Tədbirləri Qrupunun (Financial Action Task Force, FATF) qara siyahısına salınmasını nəzərə alsaq, bu planların həyata keçirilməsi mümkünsüz görünür.
Bununla belə, "Fitch Solutions" analitikləri qeyd edirlər ki, yaxşılaşma ssenarisi də var: İran Qərblə münasibətlərin normallaşdırılmasında irəliləyiş əldə edərsə, sanksiyaların yumşaldılması ixracın artmasına və investisiyaların cəlb edilməsinə səbəb ola bilər. Bu isə hazırkı şərtlər daxilində ən az ehtimal olunan variantdır...
Dünya SAKİT,
“Yeni Müsavat”