MDB dövlət başçılarının qeyri-rəsmi sammiti hər il dekabrın 25-26-da Rusiyanın Sankt-Peterburq şəhərində keçirilir. Ermənistan mediasının yaydığı xəbərə görə, baş naziri Nikol Paşinyan bu sammitdə iştirak etməyəcək. Buna səbəb hökumət başçısının COVID-19 virusuna yoluxmasıdır.
Məlumata görə, Ermənistanın baş naziri test müsbət çıxdığından iki gün iqamətgahında təcrid olunmuş vəziyyətdə işləyib. Bu gün isə test nəticəsi mənfi olub və normal işinə qayıdıb. Bununla belə, Paşinyan həmkarları ilə məsləhətləşib və MDB dövlət başçılarının bu gün Sankt-Peterburqda baş tutacaq qeyri-rəsmi sammitində iştirak etməməyə qərar verib.
Paşinyan sosial şəbəkədəki hesabında yazıb ki, Avrasiya İqtisadi Birliyinin Ali İqtisadi Şurasının sabahkı iclasında iştirak edib-etməmək barədə qərarı isə günün sonunadək qəbul edəcək.
Maraqlıdır, MDB-ni, KTMT-ni saymayan, onlardan məsafə saxlayan Ermənistan nə üçün üzvlükdən çıxarılmır? Rəsmi İrəvan bu təşkilatlardan özü niyə çıxmır?
Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şəhçi Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanın Rusiyanın moderatorluq etdiyi təşkilatları tərk etmək planı var.
Onun sözlərinə görə, rəsmi İrəvan həm MDB-dən, həm də KTMT-dən defakto imtina edib və tədbirlərinə qatılmır: “Ermənistan yalnız Avrasiya İqtisadi İttifaqının tədbirlərinə qatılır. Burda iqtisadi maraqları var. Ona görə də bu təşkiltın tədbirlərində iştirak edir. Düşünürəm ki, Rusiya tərəfi rəsmi İrəvanın bu davranışına cavab olaraq Ermənistana yalnız iqtisadi və enerji təzyiqləri edə bilər. Nikol Paşinyan Rusiyanın Ukraynada məğlubiyyətindən, Ermənistanın Türkiyə və Azərbaycanla sülh müqaviləsi bağlamasından, normallaşma prosesinə başlamasından sonra Kremlin tamamilə moderator olduğu təşkilatlardan ölkəsini çıxaracaq”.
M.Əsədullazadə deyib ki, N.Paşinyan 2026-cı ildə Ermənistanda keçiriləcək növbəti parlament seçkilərində qələbə qazandıqdan sonra bu istiqamətdə konkret addımlar atacaq: “Paşinyan növbəti parlament seçkilərində qələbə qazanmasını gözləyir. Onun əsas strategiyası Rusiyadan tamamilə qopmaqla Avropaya inteqrasiya siyasətini həyata keçirməkdir. Bunun üçün Qərbdən də müəyyən siyasi təlimatlar alır. Amma təkcə bu deyil. Ermənistan həmçinin Rusiya hərbi bazalarını da ölkəsindən çıxaracaq. Təbii ki, Rusiya tərəfi Ermənistan baş nazirinin bu siyasətini görür və bununla bağlı addımlar atacaq. Bir necə gün bundan əvvəl Avrasiya İqtisadi İttifaqının sammitində Rusiya Prezidenti Vladimir Putinin baş nazir Nikol Paşinyanla görüşməməsi faktına da diqqət çəkmək istərdim. Görünür bu, Paşinyanın xətrinə dəyib və o, MDB-nin qeyri-rəsmi sammitinə qatılmamaqla bir növ Putinə cavab verib”.
Nailə QASIMOVA