AZ

İdmanın kütləviliyi təmin edilir

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycan Respublikasında hakimiyyətə qayıdışı gələcəkdə bütün sahələrdə qazanacağımız böyük uğurlara mühüm töhfə vermis oldu. Hal-hazırda Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlər üzrə diqqətçəkən və çoxsaylı uğurlar qazanmaqdadır. Ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun artmasını təmin edən həmin uğurların hər biri bizim üçün dəyərlidir. Ancaq elə uğurlar var ki, onlar dünya miqyasında təqdim edilərkən, dövlət himnimiz səsləndirilir və ya bayrağımız qaldırılır. Həmin uğurları bizə idmançılarımız – ölkə əhalisinin böyük sevgi və məhəbbətini qazanmış gənclərimiz qazandırırlar.

Azərbaycanın həmişə idman ənənələri olub və bu gün vətənimiz dünyada idman ölkəsi kimi tanınır. İdmançılarımızın mötəbər yarışlarda qazandıqları qələbələr, eyni zamanda bədən tərbiyəsi və idmana dövlət tərəfindən göstərilən diqqət və qayğı müvafiq beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri Cənab İlham Əliyevin tədbirlərin birində dediyi kimi, ən əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda idmanın kütləviliyi təmin edilir, idmanla məşğul olmaq istəyən gənclərin sayı xeyli artır.

2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən Cənab İlham Əliyev qeyd etdi ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman nə qədər vacibdirsə, bir o qədər də hərbi hazırlıq və fiziki hazırlıq vacibdir. Dövlət başçımız əlavə etdi ki, gələn il Azərbaycan növbəti böyük idman yarışına ev sahibliyi edəcək, bu da MDB Oyunlarıdır. Üçüncü MDB Oyunları Azərbaycanda keçiriləcək. Burada 7 min idmançının iştirakı gözlənilir.

Hazırda işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda Prezident İlham Əliyevin rəhbərliyi ilə geniş abadlıq-quruculuq işləri gedir. Azadlığa qovuşmuş ərazilərdə müasir tələblərə cavab verən idman infrastrukturunun qurulması da xüsusi diqqət mərkəzindədir. Ümumiyyətlə, Azərbaycanda modern idman infrastrukturunun yaradılması istiqamətində çoxsaylı layihələr həyata keçirilir, mühüm tədbirlər görülür. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən olan Azərbaycanda onlarla olimpiya idman kompleksləri inşa edilib, digər idman obyektlərində isə əsaslı yenidənqurma işləri aparılıb. Heç şübhə yoxdur ki, tezliklə yeni olimpiya idman komplekslərinin, digər idman müəssisələrinin inşa ediləcəyi əsas məkanlardan biri də işğaldan azad edilən ərazilərimiz olacaq. Avarçəkmədən tutmuş güləşə, şahmatdan başlamış müxtəlif intellektual və komanda oyunlarına qədər, eləcə də bir çox digər idman növlərində Azərbaycanı layiqincə təmsil edəcək yeni idmançılar nəsli azad olunmuş ərazilərimizdə yetişəcək. Azərbaycanın görkəmli idmançılarının azad edilmiş torpaqlara müntəzəm səfərləri gənclər üçün də, uşaqlar üçün də böyük hadisə olacaq.

Emin Əliyev,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

Seçilən
68
17
ikisahil.az

10Mənbələr