“Əl-Nəsr”in ulduz hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqası ilə Fransa Liqa 1-in müqayisi haqda sualı cavablayıb.
Arena.az “Madrid Zone” dərgisinə istinadən məlumat verir ki, portuqal ulduz ona müvafiq xüsusda ünvanlanmıış sualı belə cavablayıb:
“Əlbəttə. Bu sualın cavabı asandır. 38, 39 və ya 40 dərəcə istidə qaçmağa çalışın. Fransada yalnız PSJ var. Qalan komandalar isə bitib-tükəniblər”, deyə Ronaldo vurğulayıb.
Xatırladaq ki, əvvəllər də Ronaldo müvafiq sualı cavablamış və Səudiyyə Ərəbistanı Peşəkar Liqasının səviyyəsinin Fransa Liqa 1-dən üstün olduğunu bildirmişdi. O vaxt Ronaldonun müvafiq mövqeyi xeyli tənqidə tuş gəlmişdi.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 19 oyuna 16 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 83 oyun, 74 qol və 18 məhsuldar ötürmədən ibarətdir.
Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.
Kristiano Portuqaliya yığmasının heyətində 215 oyuna 135 qol vurub və 45 məhsuldar ötürmə verib. Kristiano Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.