"Ətin açıq şəkildə satılması hər zaman müzakirələrə səbəb olur".
Bu sözləri qida məsələləri üzrə ekspert İlkin Şirinov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bəzi insanlar heyvanın gözlərinin qarşısında kəsilməsinin tərəfdarıdırlar:
"Çünki onlar belə olanda həmin heyvanda hansısa xəstəlik olmadığını düşünürlər. Hətta belə kəsilmiş ətin yaxşı və məsləhətli olduğunu deyirlər. Lakin müştərilərin bir qismi isə heyvanların küçədə kəsilməsinə qarşı çıxırlar. Onlar isə həmin ətlərdə müxtəlif xəstəliklərin ola biləcəyini bildirirlər. Ona görə də belə ətlərdən istifadəni düzgün hesab etmirlər. Yəni ət satışı ilə bağlı müəyyən problemlər hər zaman mövcud olub".
Lakin ekspert qeyd edib ki, bu barədə mütəxəssislər tərəfindən maarifləndirmənin aparılmasında müəyyən boşluqlar yaranıb:
"Nədənsə mütəxəssislər bu barədə məsələləri alıcılar və istehlakçılara tam şəkildə izah etmirlər. Əslində, kəsilən əti hər maşınla daşımaq düzgün deyil. Hətta bu, yolverilməzdir. Çünki ətin ünvana çatdırılması üçün xüsusi soyuducusu olan avtomobildən istifadə edilməlidir. Həmçinin, heyvanlar kəsiləndən əvvəl və sonra baytar nəzarətindən keçirilməli, ondan sonra satışına icazə verilməlidir".
İlkin Şirinov diqqətə çatdırıb ki, ətin açıq şəkildə satışına qanunla icazə verilmir:
"Çünki açıq havada ona müxtəlif bakteriyaların bulaşma ehtimalının olmasıdır. Heyvan ətlərinin açıq şəkildə satışına birmənalı şəkildə icazə verilmir. Ət soyuducularda sərgilənməlidir. Həmçinin, ət satışı ilə məşğul olan satıcının da həkim müayinəsindən keçməsi mütləqdir.
Eyni zamanda, həmin yer, oradakı kəsici alətlər, satıcının geyimi sanitar vəziyyətə tam uyğun olmalıdır. Qəssablar xüsusi xalatlarını geyinməli və əlcək taxmalıdırlar. Bundan başqa, hər adamın ətə toxunmasına icazə verilməməlidir. Ümumiyyətlə, açıq şəkildə satılan ətlərə görə hansısa alıcının xəstəliyə yoluxmayacağına kimsə zəmanət verə bilməz".
Pərviz