Kulis.az yazıçıların Yeni il bayramı ilə bağlı xatirələrini təqdim edir.
Anar:
"Hər yeni il gecəsi həm fərəhli, həm də kədərli hadisədir.
Fərəhlidir ona görə ki, hər yeni ili yeni arzularla, istəklərlə və onların baş tutacağını ümidlərlə qarşılayırıq. Kədərlidir ona görə ki, ömrümüzə bir yaş da artır, bizi riqqətləndirən xatirələr bir az da çoxalır, yaşamaq möhlətimiz bir az da qısalır.
Anadan olduğum gündən 1962-ci ilə qədər yeni ili atamın evində, valideynlərimlə qarşılamışam. Hər dəfə köhnə ili təhvil verəndən sonra atam: Ay aman, vaxt nə yaman qaçır, artıq beş dəqiqədir ki, təzə ildə yaşayırıq – deyirdi. Atamın bir arzusu vardı, XXI əsri qarşılamaq. Yeni minillikdə heç olmasa, bircə gün yaşamaq. Qismət olmadı.
1962-ci ildə ailə qurdum və həmin il Ali ssenari kurslarında təhsil almaq üçün yoldaşımla Moskvaya getdik. İki il orda yaşadıq, bir yeni ili də orda qarşıladıq. Bakıya qayıdandan sonra yeni ili artıq öz mənzilimizdə yoldaşımla, daha sonra da balalarımla qarşıladıq. Əlbəttə, əvvəlcədən gedib valideynlərimizi təbrik edirdik. İndi balalarımız da Yeni ili öz ailələriylə, övladlarıyla (bizim nəvə-nəticələrimizlə) qarşılayırlar. Həyatın qaçılmaz qanunudur bu.
Amma qəribədir ki, mən çox gənc yaşlarımda bunu dərk etmişdim və ilk hekayələrimin birində – “Keçən ilin son gecəsi” hekayəsində qələmə almışdım.
Çox gənckən anlamışdım ki, həyat – bir borcdur, onu valideynlərindən alıb övladlarına qaytarırsan..."
Şərif Ağayar:
"Lap gənc vaxtlarımda Yeni il gecələrinin birində, gecə yarıdan xeyli keçmiş niyəsə Atatürk parkında idim. Yaxşı da vurmuşdum. Evə gəlməyə taksi tapmırdım. Küçələr buz bağlamışdı. Bir də gördüm, bir dəstə Santa Klaus hansısa restorandan çıxıb gəlir. Yaxınlaşdım. Siqaret yandırdım. Onlar da bir az kefli idilər. Məndən siqaret istədilər. Verdim. Saqqallarını çənələrinə keçirib çəkməyə başladılar. Bu hərəkətləri yadıma Laçını – kəndimizi saldı. Uşaq vaxtı Yeni il axşamı kənd klubunun tinində Şaxta Babanın saqqalını çənəsinə keçirib siqaret çəkdiyini görmüşdüm, bütün dünyam yıxılmışdı...
İçkili başla hirsləndim Santa Klauslara.
Dedim, bilirsiniz, sizin Qar qızınız niyə yoxdur?
Dedilər, niyə?
Dedim, çünki siz tərbiyəsizsiniz!
Gülüşdülər.
Dedilər, nə edək, Allah bizi də belə yaradıb.
Xoşuma gəldi cavabları. Mehribanlaşdıq. Bir-iki lətifə danışıb güldürdüm onları. Sonra xahiş etdim ki, qollarımızı biri-birinə keçirib “Əsmər yarım” mahnısını oxuyaq. Razılaşdılar. Bir neçə saniyə məşq edib başladıq. Qollarımız biri-birimizin çiynində dairəvi rəqs edə-edə mahnını xorla oxuduq. Biri xora yaxşı əməl etmirdi. Tutaşdım onunla. Əlbəyaxa olduq. O biriləri araya girib bizi sakitləşdirdilər. Mahnını yoldaşlarına öyrədib təzədən xora qoşdular. Yenə qollar biri-birinə keçdi, ayaqlar havada oynadı və oxuya-oxuya dövrə vurduq.
Mahnının əsas hissəsini olmayan səsimlə özüm oxuyurdum:
Evlərinin önü darçın,
Fələk qoymur gözüm açım,
Səni alım hara qaçım...
Bu yerdə səsimi qaldırırdım və Santa Klausların xoru mənə qoşulurdu:
Əsmər yarım, əsmər,
Ninnə yarım, ninnə...
“Evlərinin önü lala” misrası ilə başlanan bəndi tutaşdığım Santa Klaus oxudu. Sən demə, gözəl səsi varmış. Necə oxudusa, ifanı bitirəndən sonra qucaqlayıb yalançı saqqalından öpdüm..."
Həmid Herisçi:
"1967-ci il. Bakının 132 saylı orta məktəbi. Yeni il axşamı. Tətilə buraxılmışıq. Əlifbanı tam öyrənmişik. Ev tapşırığım var. Yazılı sözləri bir sətirdən digərinə keçirmək lazımdır. Həmin o son tapşırığı, 1967-ci ilin son ev tapşırığını uğurla, səhvsiz həyata keçirdim. "Həmid", "vətən", "Azərbaycan", "Lenin", "günəş", "Bakı", "elektrik" sözlərini bir sətirdən digərinə keçirtdim. Ancaq "dost" kəlməsində ilişməyim indiki kimi yadımdadır. Bildim ki, nə dostları ayırmaq olar, nə bu əziz kəlməni. Qəşəng, yaddaqalan məqam idi. Sonra yeni - 1968-ci ilin ilk "Ana dili" dərsində bu qənaətimi müəllimimə dedim. O, xeyli susdu əvvəlcə. Sonra dəftərimə "5" rəqəmini yazdı.
Rus dilindən də nümunə gətirdim. Yadımdadı, dedim, rusca dost mənasını verən "druq" sözü də bölünmür. Son detal hamını lap çaşdırdı. "5" qiymətimi təsdiqlədi.
Yeni ildə oxşar dramanı, dramaturgiyanı yaşayırıq həmişə - elə bil, bir sətirdən digərinə söz kimi keçirik.
İlk dəfə o vaxt yaşadım bu insani hissi..."
Sevinc Elsevər:
"Orta məktəbdə oxuyurdum, son siniflərdə. Yasamaldahəyət evlərindən birində kirayədə qalırdıq. Atamla anam gecikən kirayə pulunun, bayramqabağı kasıbçılığın üstündə yenə bir-birlərini qırmışdılar.
Atam səhər evdən çıxdı, nəfəs aldıq. Arzulayırdım ki, kaş bu gün heç evə gəlməsin. Axşama doğru qar yağdı, qazımız kəsildi, işığımız söndü.
“Bayram gəlib çatıbdır, bizim evdə axta zoğal da yoxdur”, - əhvalında qardaşlarım, anam, mən yığışıb səssizcə oturmuşduq. Birdən qapı döyüldü. Qanım it qanına döndü. Öz-özümə dedim ki, vəssalam, atam gəldi, qan-qaraçılıq, dava-dalaş olacaq.
Heç kim yerindən qımıldanmadı. Anam hətta dedi ki, qapını açmayın, qoy qalsın küçədə, donsun. Anamın acığından belə dediyini, əlbəttə, bilirdik. Durub getdim qapıya. Qapını açdım. Atam qucağında az qala özü boyda qar adamla içəri girdi.
Həyətdə bayaqdan bu qar adamını düzəldirmiş, sən demə, könlümüzü almaq üçün. Əlcəksiz, donan əlləriylə.
Üçümüz də sevinclə qarşıladıq atamı. Sonra həyətə çıxıb çoxlu qartopu oynadıq. Qırışığımız açıldı. Bir azdan işıq da yandı, anamın qaşqabağı da açıldı.
Yeni illə bağlı çox da parlaq xatirələrim yoxdur..."
İlham Əziz:
"Mənim ən çox məktəbdə keçirdiyimiz yeni il şənlikləri yadımda qalıb. Bir də o yadıma düşür ki, biz o şənliklərdə mahnı oxuyardıq. O mahnılar dünyanın ən saf, ən duru mahnılarıydı. “Birinci qar” şerini mahnı kimi oxuyanda inanırdıq ki, mütləq qar yağacaq, yağırdı da. Onda yolkamız da əsl yolkaydı, bəzəkləri sadə, lap ucunda da beşguşəli ulduz. O ulduz səmadakı ulduzlar qədər gözəl, onlar qədər mübhəm idi. Onda mənim bütün müəllimlərim sağ idi. Onlar bizə sevgi və qayğıyla baxırdılar, bizi bu gözəl günə aylarla hazırlayırdılar.
Bir də mənim yadıma Şaxta babanın hədiyyələri düşür, balaca şirmayı torbalardan dünyanın ən sehrli konfetləri, şirniyyatları, oyuncaqları çıxırdı. Biz elə onda da anlamışdıq ki, bu xoşbəxtlikdir..."
Aqşin Yenisey:
"Mənim Yeni illə bağlı xüsusi xatirəm yoxdur. Amma bu ilin nə ilə yadımda qaldığını deyə bilərəm. 2024-cü il mənim yadımda ilk növbədə Misir səfəriylə qalacaq. Tarixdə belə bir fikir var ki, bütün fatehlər sonda Misiri fəth etmək istəyiblər. Şərqşünas Eduard Səid deyir ki, fatehlər mədəniyyətin beşiyinə hesabat vermək üçün can atırdılar. Misir haqqında oxuduqlarım bu ölkənin nəsə sirli bir məkan olduğundan xəbər verirdi. Mədəniyyət Nazirliyinin təklifiylə bu ölkədə keçirilən Kitab sərgisinə yollananda orada gördüklərim bütün o Misir xəyallarımı yox etdi. Gerçəklik xəyal dünyasını yenə tar-mar etdi. Mən çox nadir hallarda ruhdan düşürəm, amma düşəndə də uzun müddət qayıdıb minə bilmirəm. Mən Misirdə mədəniyyət görmədim, mədəniyyətin ölüsünü gördüm. Bax, bu mənim üçün xatirəyə çevrilən bir hadisə oldu. 2014-ün qalan hadisələri hadisə olaraq qaldı. Onu deyim ki, mən xatirə məsələsində vasvasıyam, hər adamı, hər hadisəni özüm üçün xatirələşməyə qoymaram. Ən yadda qalan hadisələrdən biri isə doqquz ildir yazdığım və "İybanın izdihamı" adını verdiyim yeni romanı bitirdim. Nəşri qaldı 2025-ci ilə. Təvəkkül Allaha!.."