Marneuli-Bolnisi mərkəzi yolunda 2 azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsindən sonra yerli əhali hadisə yerinə toplaşıb və vəziyyət gərginləşib.
“Cebheinfo.az” Aktual.ge-yə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
"İctimaiyyətə Bolnisi bələdiyyəsinin Naxiduri (Arıxlı - red.) kəndində baş verən hadisələrlə bağlı əlavə məlumat təqdim etmək istəyirik" - qeyd olunan açıqlamada deyilir:
"Mərkəzi avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iki azyaşlı dünyasını dəyişib. Bu hadisədən sonra yerli əhali hadisə yerinə toplaşıb və vəziyyət gərginləşib. Qarşıdurma həm toplaşan vətəndaşlar arasında, həm də ictimai asayişi qorumaq məqsədilə ərazidə olan hüquq-mühafizə orqanlarının əməkdaşları ilə vətəndaşlar arasında baş verib.
Toplaşan şəxslər hadisəyə qarışan nəqliyyat vasitəsini, eləcə də təcili tibbi yardım briqadasının avtomobilini aşırıblar. Bundan əlavə, onlar ərazidə olan digər vətəndaşların avtomobillərinə zərər yetirib və onların şüşələrini sındırıblar.
Toplaşan şəxslər yol-nəqliyyat hadisəsində iştirak edən avtomobilin sərnişinlərinin hərəkət etməsinə mane olub, hüquq-mühafizə orqanlarının əməkdaşlarına istintaq hərəkətlərini həyata keçirməkdə maneələr yaradıb və təcili tibbi yardım həkimlərinin işinə imkan verməyiblər.
Vəziyyəti sabitləşdirmək üçün Daxili İşlər Nazirliyinin patrul, kriminal və xüsusi tapşırıqlar üzrə departamentlərinin əməkdaşları dərhal hadisə yerinə gəliblər.
Qarşıdurma nəticəsində Daxili İşlər Nazirliyinin bir neçə əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb və səkkiz mülki şəxs yaralanıb. Yaralananlara tibbi yardım göstərilib, onların bir qismi hələ də xəstəxanalarda qalır.
Polis əməkdaşları hadisə yerində vəziyyəti nəzarətdə saxlamaq üçün bütün gecə ərzində ərazidə qalıblar.
Hüquq-mühafizə orqanları hadisədən sonra ərazidən uzaqlaşan və yol-nəqliyyat hadisəsində iştirak edən sürücünü saxlayıb.
Əmlaka ziyan vurma, polis əməkdaşlarına qarşı müqavimət və zorakılıq faktları ilə bağlı Cinayət Məcəlləsinin 187-ci, 126-cı və 353-cü prim maddələri üzrə istintaq aparılır".