Futbol üzrə Gürcüstan millisinin hücumçusu Budu Zivzivadze Almaniya Bundesliqasında çıxış edən “Haydenhaym”a transfer olunub.
Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.
“Karlsrue”dən transfer edilmiş 30 yaşlı hücumçu yeni komandası ilə 4,5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalayıb. “Haydenhaym”ın bu transfer üçün qarşı tərəfə nə qədər təzminat ödədiyi açıqlanmır.
Budu Zivzivadze Tiflis “Dinamo”sunun yetirməsidir. O, karyerası ərzində “Torpedo” (Kutaisi), “Samtrediya”, “Esbyerq”, “Mezökövesd”, “Fehervar”, “Uypeşt” kimi klubların da formasını geyinib. 2023-cü ilin yanvar ayından “Karlsrue”də çıxış edən gürcü forvard bu komandanın heyətində meydana çıxdığı 61 oyunda 27 qol vurub, 6 məhsuldar ötürmə verib.
Zivzivadze Gürcüstanın U-17, U-19 və U-21 yığmalarında çıxış edib. 2017-ci ilin yanvarında əsas millidə debüt etmiş hücumçu meydana çıxdığı 34 oyunda 8 qol vurub, 2 assist müəllifi olub.
“Transfermarkt” internet-portalı 30 yaşlı hücumçunun transfer dəyərini 1,8 milyon avro məbləğində qiymətləndirir.
“Haydenhaym” “Bayern”in sol cinah müdafiəçisi Frans Kratsiqi də icarəyə götürüb. 21 yaşlı alman futbolçu cari mövsüün sonunadək icarədə olacaq.
Frans Kratsiq “Bayern”in yetirməsidir. O, Münhen klubunun əsas komandasında 7 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Kratsiq daha öncə “Austriya” (Vyana) və “Ştutqart” klublarında da icarədə olub. O, Almaniyanın U-20 və U-21 yığmalarında forma geyinsə də, əsas milidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 21 yaşlı müdafiəçinin transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.