Görkəmli fizik, “Şöhrət” ordenli, Dövlət mükafatı laureatı, Fizika İnstitutunun Bərk cisim elektronikası laboratoriyasının rəhbəri akademik Cavad Abdinovun 85 yaşı tamam olub. Tanınmış alim 85 illik yubileyi ərəfəsində Azərbaycan fizika elminin inkişafı, mövcud problemlər və gələcək perspektivlərə dair aktual mövzularda AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin sektor müdiri Nərgiz Qəhrəmanovanın suallarını cavablandırıb.
Modern.az-ın məlumatına görə, 85 yaşlı Cavad Abdinov alim kimi yetişməsində Azərbaycanda müasir fizikanın, xüsusilə yarımkeçiricilər fizikası və mikroelektronikanın əsasını qoymuş akademik Həsən Abdullayevin rolunu xüsusi qeyd edib:
“O, mənim elmi rəhbərim olub. Mən həm namizədlik, həm də doktorluq dissertasiyalarımda və əldə etdiyim bütün elmi uğurlarda onun əvəzsiz rolunu xüsusi vurğulamaq istərdim”.
Alimin sözlərinə görə, elmin inkişafı üçün maliyyə dəstəyi olduqca vacibdir:
“Elmə əsasən qabiliyyətli gənc oğlanların gəlməməsi bir problem olaraq qalır. Bu gənclər daha yaxşı perspektivlər üçün başqa sahələrə üz tuturlar. Ona görə də, elmin inkişafı üçün maddi vəsait və resursların ayrılması, alimlərin fəaliyyətinin düzgün qiymətləndirilməsi və onlara lazımi dəstəyin göstərilməsi müasir dövrün tələbidir”.
Uzun illər həm də müxtəlif ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuş Cavad Abdinovun fikrincə, əsl müəllim ilk növbədə elmi biliklərin ötürülməsi prosesində doğru yolu göstərməlidir:
“Müəllim təkcə dərs deyən şəxs deyil, həm də tələbələrin gələcək həyatlarına, seçəcəkləri yola istiqamət verən bələdçidir. Tədris prosesində pedaqoji yanaşma ilə yanaşı, müasir dövrün tələblərinə uyğun olaraq tələbələrə praktik biliklərin verilməsi, onları həyata hazırlamaq müəllimin əsas vəzifələrindən biridir”.
Hazırda AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının sədr müavini vəzifəsində çalışan alim, bu sahə üzrə fəaliyyət göstərən elmi-tədqiqat institutlarını xüsusi çəkiyə malik olan müəssisələr kimi xarakterizə edib.
C.Abdinov bildirib ki, fizika sahəsində dayanıqlı inkişaf üçün gənc kadrların yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir.
“Fizika İnstitutunda 50-yə yaxın elmlər doktorunun olması, şübhəsiz ki, böyük bir uğurdur. Lakin bu alimlərin çoxu köhnə kadrlar olduğu üçün, bu potensialın gələcəkdə davamlı inkişafını təmin etmək üçün yeni, gənc alimlərin yetişdirilməsi vacibdir.
Gənc kadrların inkişafı üçün institutun təcrübi bazası, maddi-texniki təminat yaxşılaşdırılmalıdır. Yalnız bu şəraitdə gənc alimlər öz potensiallarını daha effektiv şəkildə reallaşdıraraq elmin inkişafına müsbət təsir göstərə bilərlər. Gələcəkdə daha da güclü və müasir bir elmi mühit formalaşdırmaq üçün təcrübəli kadrlarla yanaşı, yeni və yaradıcı fikirləri ilə elmi tərəqqiyə səbəb olacaq gənc alimlərə də daha çox diqqət yetirilməlidir”.