Texnologiyanın inkşaf etdiyi bir dövrdə müzakirələrə səbəb olan mövzulardan biri süni aparatlarda uşaqların yetişdirilməsidir. Bir çox insanlar tərəfindən birmənalı qarşılanmasa da bəzi mütəxəssislər bu texnologiyanı faydalı hesab edirlər. Bu, ölü doğumların sayını azalda bilər, çünki döl daimi və yaxından nəzarət altında olacaq.
"Bu sahə üzrə uzun illər boyunca müxtəlif ölkələrdə uzun araşdırmalar aparılıb. Süni uşaqlıq belə yaradılıb. Lakin, süni uşaqlıqda dünyaya gətirilmiş uşaqların uğursuz olması dəfələrlə açıqlanıb. Bu fikirləri "Yeni Azərbaycan"a açıqlamasında ginekoloq Günar İbadullayeva deyib. O, eyni zamanda qeyd edib ki, normal ana bətnində doğulan uşaqları uşaq evlərinə verdikdə, aldıqları travmalar onların gələcək həyatlarında özünü necə göstərdiyinin hamımız şahidiyik: "Süni uşaqlıqda dünyaya gətrilmiş uşaqların ruhunda, şüurunda uşaqlıq sevgisi normal şəkildə dünyaya gəlmiş uşaqlardan fərqli olacaq. Yəni biz robota bənzəyən bir insan yaratmış oluruq. Belə uşaqları sonradan normal ailələrə övladlığa vermək olur, lakin fəsadları qaçılmazdır".
G. İbadullayeva son olaraq müasir dövrdə süni uşaqların dünyaya gətirməsi prosesinin müəyyən suallar doğurduğunu və bunun müsbət bir hal olmadığını qeyd edib.
Havar Şəfiyeva