Ukrayna Prezidenti Volodimir Zelenski məşhur amerikalı bloger Leks Fridmana müsahibəsində müharibənin ilk günlərində Belarus Prezidenti Aleksandr Lukaşenkonun Rusiyanın Belarus ərazisindən Ukaraynaya hücum etdiyi üçün ondan üzr istədiyini deyib.
Onun sözlərinə görə, Belarus rəhbəri Ukraynaya zərbələrin endirilməsi barədə göstəriş vermədiyini bildirib və həmçinin deyib: “Üzr istəyirəm. Volodya, inan ki, bu, mən deyiləm. Mənim ərazimdən raket buraxılıb, Putin buraxıb”.
“AzPolitika” xəbər verir ki, Belarus Prezidentinin mətbuat katibi Natalya Eysmont Zelenskinin dediklərini təkzib edib və qeyd edib ki, Lukaşenko ilə Zelenski arasında həmin vaxt telefon danışığı olsa da, o, Ukrayna Prezidentindən üzr istəməyib: “Belarus Prezidenti Zelenskidən üzr istəməyib, ona görə ki, üzr istəməyimiz üçün heç nə yoxdur”.
Eysmont deyib ki, müharibənin əvvəlində dövlət başçıları arasında dialoq prezidentin oğlu Nikolay Lukaşenkonun reaksiyası sayəsində baş tutub. Onun dediyinə görə, telefon danışığı zamanı Belarus Prezidenti Zelenskini qarşıdurmaya son qoymağa çağırıb: “Çünki o, insanların ölümünə görə hamıdan çox cavab verməli olacaq”.
“AzPolitika.info”