Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan yenidən atəşə tutub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə hərbi ekspert Ramil Məmmədli bildirib ki, Ermənistanın atdığı bu addım 2025-ci ildə diqqəti yenidən bu problemə yönəltmək və Ermənistanın manevr imkanlarını təmin etməkdir.
"Çünki Ermənistan həm Rusiyanın vasitəçiliyi ilə, həm də Avropa Birliyinin vasitəçiliyi ilə həyata keçirilən danışıqlarda Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ölkəmizə qarşı hər hansı bir ərazi iddiasında olmadığını şifahi olaraq bildirib. Lakin məsələnin hüquqi müstəvidə həlliylə bağlı müəyyən problemlər yaradır.
Azərbaycan əslində şərti sərhəd bölgəsinin müəyyənləşdirilməsiylə bağlı bütün çağırışlara cavab verib və bu istiqamətdə də konkret addımlar atılıb, ancaq Ermənistan bu məsələdə yayınır".
Ekspert hesab edir ki, məhz Ermənistan mövcud vəziyyətdən, yəni, Rusiya-Amerika qarşıdurmasından istifadə edərək regionda öz xeyrinə prosesləri müəyyən formada dəyişməyə çalışır.
Ramil Məmmədli düşünür ki, məhz Azərbaycan ərazisinin atəşə tutulması həm terror üçün, həm də diqqəti bu istiqamətə yönəltmək üçündür.
"Bir məqamı da nəzərə çatdırmaq lazımdır ki, Ermənistan bu cür addımlarda dezinformasiyalarla da məşğul olur. Yəni, konkret olaraq Azərbaycanı ittiham edir ki, guya Azərbaycan atəşkəsi pozub, belə hallar isə dəfələrlə olub.
Bu dəfə də Ermənistan Azərbaycana şər ataraq Azərbaycan tərəfinin atəşkəsi pozduğu iddiasını irəli sürəcək və məqsəd regionda balanslaşdırılmış siyasət yürüdən Rusiya ilə, İranla, həm də Avropa İttifaqı ilə, ayrı-ayrılıqda Qərb dövlətləri ilə normal münasibətdə olan Azərbaycanla bu ölkələr, regionlar arasında konfilikt yaratmaq və yaxud da Azərbaycanı ittiham obyektinə çevirməkdir.
Hesab edirəm ki, bu prosesin qarşısının alınması üçün Avropa İttifaqı ədalətli mövqe nümayiş etdirməlidir, hadisənin necə baş verdiyini açıqlamalıdır və Azərbaycan tərəfinin təqdim etdiyi arqumentləri qəbul etməlidir. Əks təqdirdə, bu cür halların sayı artarsa, təbii ki, eskalasiya daha da yüksələ bilər”, - deyə Ramil Məmmədli vurğulayıb.
Aminə Nəzərova