AZ

"Pezeşkianın Moskvaya səfəri zamanı guya Putindən Əsədi istəyəcəyi haqda heç nə deyə bilmərəm...”-Sabiq səfir

“Heç İran istəsə də, inanmıram ki, Rusiya Əsədi ona versin. O halda Rusiyanın dünyadakı digər müttəfiqləri də ondan etibarsız bir partnyor kimi tamamilə əlini üzər...”
 
Xəbər verildiyi kimi, İran Prezidenti Məsud Pezeşkian Rusiyaya səfər edəcək. Bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib. Səfir bildirib ki, səfər yanvarın 17-də baş tutacaq. Onun sözlərinə görə, səfər zamanı iki ölkə arasında hərtərəfli əməkdaşlıq sənədinin imzalanması gözlənilir. Lakin bəzi mənbələtrin yaydığı qeyri-rəsmi məlumatlara görə, Moskvada iki ölkə rəhbərləri arasında Suriya məsələsinin və Moskvaya sığınıb yaşayan Bəşər Əsədin taleyinin müzakirəsi də gözləniləndir. Hətta guya İran prezidentinin Putindən Əsədi istəyəcəyi də iddia edilir. Bəs belə bir hal mümkündürmü? Bu nə dərəcədə İranın daxilindəki və xaricindəki siyasi reallığa uyğundur?
 
Mövzu ilə bağlı Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov Moderator.az-a açıqlamasında bunları söyləyib:
 
“İran prezidenti Məsud Pezeşkianın doğrudan da Moskvaya səfəri zamanı guya Rusiya lideri Vladimir Putindən Suriyanın devrilmiş prezidenti Bəşər Əsədi istəyəcəyi haqda heç nə deyə bilmərəm. Çünki İran mediasında da elə bir məlumata rast gəlməmişəm. Digər tərəfdən, əvvəla, bu haqda danışmaq hələ tezdir. Səfər yanvarın 17-də baş tutmalıdır.  İkincisi də, heç İran istəsə də, inanmıram ki, Rusiya Əsədi ona versin. O halda Rusiyanın dünyadakı digər müttəfiqləri də ondan etibarsız bir partnyor kimi tamamilə əlini üzər...
 
Amma yeri gəlmişkən bir məsələni deyim. Bu günlərdə Livan paytaxtı Beyruta İran təyyarəsi uçdu. Bir vaxtlar Beyruta hər hansı İran təyyarəsi enəndə bütün güc əlində olan “Hizbullah” onun sərnişinlərinin, yaxud yükünün Livan hökumət qurumları tərəfindən yoxlanılmasına imkan vermirdi. Heç kəs buna cürət edə bilmirdi. Amma İsrail “Hizbullah”ı yarımcan edəndən sonra Livan baş naziri göstəriş verib ki, bütün İran təyyarələri də tam şəkildə yoxlanılmalıdır. Bu günlərdə gedən təyyarənin də yüklərini yoxlayıblar.  İran tərəfinin iri çantalardan birinin “diplomatik baqaj” olduğunu deməsinə rəğmən onu da nəzarətdən keçiriblər və məlum olub ki, çantanın içərisində külli miqdarda pul var. İran tərəfi həmin pulun Livandakı səfirliyin xərcləri üçün göndərildiyini iddia etsə də, medianın yazdığına görə, bu, səfirliyin xərclərini qatbaqat ödəyə biləcək şübhəli bir məbləğ olub... Yəni sözüm ondadır ki, bir vaxtlar Livan da, Suriya da, İraqda da İranın tam əlində idi, oralarda, nə istəsə, hansı hərbi, maliyyə və s. əməliyyatları həyata keçirirdi. Bu mənada tutaq ki, sabah Pezeşkian Bəşər Əsədi istədi, Putin də onu verdi. Onu İrana gətirib nə iş görəcək. Suriyada yenidən çevriliş edib Əsədi hakimiyyəti qaytarmaq üçün Tehranın gücü varmı? Xeyr, yoxdur. Çünki hazırda İran özü iqtisadi-sosial problemlərin içərisində çabalamaqdadır...” 
 
Sultan Laçın
 
Seçilən
29
28
moderator.az

8Mənbələr