AZ

Avstriya prezidenti Herbert Kiklə hökuməti formalaşdırmaq üçün mandat verib

Vyana, 6 yanvar, AZƏRTAC

Yanvarın 6-da Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellen parlament seçkilərində ən yüksək səslə qalib gəlmiş Avstriya Azadlıq Partiyasının (FPÖ) sədri Herbert Kiklə yeni hökuməti formalaşdırmaq üçün mandat verib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı bu addımı Avstriya Xalq Partiyası (ÖVP), Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) və Yeni Avstriya və Liberal Forum (NEOS) arasında aparılan koalisiya danışıqları uğursuzluğa düçar olduqdan sonra atmalı olub. Van der Bellen mətbuata açıqlamasında bildirib ki, ötən il sentyabrın 29-da baş tutan parlament seçkilərindən sonra FPÖ (28,8 faiz səslə) qalib gəlsə də, parlamentdə təmsil olunan partiyalardan heç biri Herbert Kiklin sədrlik etdiyi bu partiya ilə koalisiyaya getmək istəmədiyini ifadə edib. Məhz buna görə də həmin vaxt seçkilərdə ikinci yer tutan ÖVP (26,2 faiz səslə) hökuməti təşkil etmək mandatını aldı. Lakin koalisiya danışıqlarının uğursuzluğu və ÖVP-nin yeni rəhbərliyinin FPÖ ilə danışıqlara açıq olması yeni siyasi mühit yaradıb.

Parlamentdə mütləq səs çoxluğuna malik siyasi qüvvənin formalaşması üçün Kikl tezliklə danışıqlara başlamalıdır və ən optimal siyasi tərəfdaş ÖVP hesab olunur. ÖVP-nin yeni rəhbəri Kristian Ştoker isə bildirib ki, FPÖ tərəfindən koalisiya danışıqlarına dəvət alsalar, belə bir dəvəti dəyərləndirəcəklər.

1968-ci ildə Avstriyanın Karintiya federal əyalətində anadan olan Herbert Kikl 1995-ci ildən etibarən FPÖ-də müxtəlif vəzifələr tutub, 2017-2019-cu illərdə isə Avstriyanın daxili işlər naziri olub. 2021-ci ildə partiya sədri seçilən siyasətçi miqrasiya və Avropa İttifaqı mövzularında radikal mövqeyi ilə tanınır.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Seçilən
48
azertag.az

1Mənbələr