Prezident İlham Əliyev 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etdi. Dövlət başçısının imzaladığı sərəncamda bu, 2025-ci ildə ölkə konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən (İkinci Qarabağ) müharibəsində qələbənin beşinci ildönümü ilə əsaslandırılır.
Bəzi ekspertlərə görə, bu il konstitusiyaya növbəti dəyişiklikləri də gözləmək olar. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı, 1995-ci il noyabrın 12-də isə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunub. 2002, 2009 və 2016-cı illərdə konstitusiyanın ayrı-ayrı maddələrinə əlavə və dəyişikliklər barədə referendum keçirilib. Bu dəyişikliklərlə ölkədə proporsional (partiya siyahıları əsasında) seçki sistemi tam ləğv edilib, baş nazirlik postu prezidentlikdən sonra ikinci əsas vəzifə sayılıb (əvvəl prezidenti Milli Məclis sədri əvəz edə bilərdi), bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyət götürülüb və prezidentlik müddəti 5 ildən 7 ilə qədər artırılıb.
YAP-dan olan deputat Elman Məmmədov da “Turan”a xatırladıb ki, ayrı-ayrı illərdə ölkə konstitusiyasına müəyyən dəyişikliklər edilib: “Dünya inkişaf edir, müəyyən vəziyyətlər yaranır, bütün sahələrdə struktur və digər islahatlar aparılır. Müəyyən məsələləri də dünyada gedən proseslərlə uzlaşdırmaq lazımdır. Buna görə də bu dövrlər ərzində bir neçə dəfə referendum yolu ilə konstitusiyaya əlavə və dəyişikliklər qəbul olundu”.
Onun sözlərinə görə, 2025-in “Konstitusiya və Suverenlik İli” elan olunması mütləq o demək deyil ki, konstitusiya dəyişəcək: “Ancaq ola bilər ki, konstitusiyamızda referendum yolu ilə müəyyən dəyişikliklər olsun. Müəyyən struktur islahatları, idarəetmə qurumlarında islahatlar aparıla bilər”.
E.Məmmədov işğaldan azad olunmuş ərazilərdə yeni idarəetmə formasının - Prezidentin xüsusi nümayəndəliklərinin yaradıldığını xatırladıb: “Ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin olunub, artıq idarəetmədə bu gün üçün özünü tam da doğrultmayan, vaxtını başa vurmuş müəyyən qurumlar var. Ola bilər ki, yenidən bu məsələyə baxılar, referendum keçirilər. Bələdiyyələr yarandığı gündən (1999-cu il) onlarla bağlı çoxlu qanun toplusu yaranıb, vaxtaşırı dəyişikliklər edilir. Ola bilsin, bələdiyyələrin idarəetməsi ilə bağlı yenidən dəyişikliklər olsun. İcra hakimiyyətləri ilə bağlı da nəsə ola bilər”.
Həmçinin Naxçıvanın muxtar statusunun ləğvinin dəyişməsi də istisna deyil. Ümumiyyətlə, qanunvericiliyə dəyişiklik olacağı haqda çoxdan proqnozlar səslənir.
Bu il referenduma gedilə bilərmi? Buna zərurət varmı? Gözləntilər nədir?
Bu suallarla partiya sədrlərinə müraciət etdik.
Tural Abbaslı
AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a açıqlamasında konstitusiyaya dəyişikliklərin neçə ildir gözlənildiyini vurğuladı: “Düşünürəm ki, 2025-ci ilin "Konstitusiya və Suverenlik ili" elan olunmasının referendum keçirilməsi ilə birbaşa əlaqəsi yoxdur. Çünki qeyd edildiyi kimi, konstitusiyanın qəbulunun 30 ili tamam olur və Vətən müharibəsinin, yəni 2-ci Qarabağ müharibəsinin də 5 ili tamam olur. Yəni burada referendumun olub-olmamasından asılı olmayaraq, ilin “Konstitusiya və Suverenlik ili” elan olunması təbiidir. Belə də olmalı idi, gözləntilər də bu idi. Amma referendum tamamilə fərqli bir yanaşmadır. Konstitusiyada dəyişikliklər dönəm-dönəm olub, bu günə qədər müxtəlif dövrlərdə referendum keçirilib. Bizlər həmin referendumlarda ya hansısa maddələrin dəyişdirilməsinə dəstək vermişik, ya da hansısa maddələrin qəbuluna qarşı təbliğat-təşviqat kampaniyası aparmışıq. Bunlar zamanla olan dəyişikliklər və düzəlişlərdir və bu, təkcə Azərbaycanda deyil, dünyanın hər bir ölkəsində olur. Yəni zamanın tələblərinə, çağırışlarına və yaranmış situasiyalara uyğun olaraq, ən ali qanun toplusunda bu və ya digər formada dəyişikliklər olur. Əslində konstitusiyada dəyişikliklər bir neçə ildir ki, gözlənilir. İndi də başda Naxçıvan Muxtar Respublikasının statusunun dəyişdirilməsi olmaqla, bir neçə məsələ ilə bağlı referendum məsələsi gündəmə gəlməkdədir. Çünki konstitusiyanın özündə Azərbaycan dövlətinin forması unitar dövlət kimi göstərilir. Yəni federativ və ya konfederativ dövlət olmadığı üçün unitar dövlətin tərkibində hansısa muxtar respublikanın olması konstitusiyanın özünə də ziddir. Eyni zamanda Ermənistanın Azərbaycandakı separatçı fəaliyyətini nəzərə alsaq, bir nümunə qalmamalıdır. Düşünürəm ki, parlamentin formalaşdırılmasının tam majoritar qaydada qalması məqbul deyil. Ən azından qarışıq sistemə - proporsional sistemə keçmək lazımdır. Proporsional sistem vaxtilə mövcud idi. 2005-ci ilə qədər belə idi. yəni 2000-ci ildə sonuncu dəfə qarışıq proporsional sistem tətbiq olundu, sonra isə ləğv edildi. Düşünürəm ki, artıq onu bərpa etmək zamanıdır, yəni qarışıq - həm majoritar, həm də proporsional sistemə keçmək lazımdır. Çünki partiyaların siyasi proseslərə təsir imkanlarının artırılması, siyasi səhnənin peşəkarlaşdırılması, siyasi kadrların yetişməsi, cəmiyyətin siyasi səhnəyə diqqətinin və marağının artması üçün proporsional seçki sisteminin bərpası mütləqdir, yəni bu, birmənalıdır. Ona görə də referendum keçirilməlidir, eyni zamanda parlament üzvlərinin say tərkibinin də dəyişdirilməsinə ehtiyac yaranıb. Belə ki, biz 7 milyon əhalimiz olanda 125 deputat var idi, indi isə 10 milyon əhalimiz var, bu isə ən azı 30% artım deməkdir, amma deputatların sayı hələ də eyni qalır. Əhalisi bizdən 2 dəfə az olan Gürcüstanda deputatların sayı 150 olduğu halda, bizdə 125 olaraq qalır. Buna görə də deputat sayının artırılması məsələsi də var. Bizim üçün daha önəmli olanlar budur.
İcra hakimiyyəti strukturlarının ləğv olunması, prezidentin səlahiyyətli nümayəndəlik institutunun bərpası, yaxud da Nazirlər Kabinetinin ləğv olunması, vitse-prezidentlik institutlarının idarəetmədə rolunun artırılması məsələsi də gündəmdədir. Bütün bunlar hazırda müzakirə olunur, amma müxalifət üçün əsas önəmli olan məsələlər əsasən proporsional seçki sisteminin bərpası, parlamentin say tərkibinin artırılması, eyni zamanda Naxçıvan Muxtar Respublikasının statusunun dəyişdirilməsi və ya ləğv olunması məsələsidir. Bu məsələlər daha önəmlidir deyə düşünürəm".
Partiya başqanı yaz aylarında referendumun keçirilməsini mümkün sayır: “Referendumu gözləyirik, olmalıdır, zərurət var, tələb var. Yanvar ayının 29-da bələdiyyə seçkiləri keçiriləcək və artıq bələdiyyələr fevralın sonuna qədər öz fəaliyyətinə başlayacaq. Ondan sonra üzü yay aylarına doğru referendum keçirə bilərik. Burada ictimai müzakirələr aparılmalıdır. Bu müzakirələrdə də partiyalar iştirak etməli, bu prosesdə aktiv olmalıdırlar. Azərbaycanın hazırkı vəziyyətini, dünyada və Cənubi Qafqazda yaranmış şəraitdə, eləcə də Azərbaycanın hazırkı mövqeyini nəzərə alaraq, konstitusiyaya bu mövqeyə uyğun dəyişikliklər edilməlidir deyə düşünürəm. İnşallah, düşünülənlər həyata keçər”.
Asim Mollazadə
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə bu il üçün Azərbaycan dövlətinin əsas məqsədlərini sadaladı: “Konstitusiyamızın bu il yubileyidir, yəni 30 ili tamam olur. Konstitusiyamızın tələbləri əsasında bu il əsas məqsəd, ilk növbədə, Azərbaycanın suverenliyini möhkəmləndirmək, artırmaq və Azərbaycan dövlətinin strateji inkişafına hər bir istiqamətdə ciddi dəstək verməkdir. Açığı, referendum keçirmək üçün hazırda bir zərurət görmürəm. Bunu istisna da etmirəm. İdarəetmə sahəsində ciddi islahatların həyata keçirilməsi üçün hər şey ölçülüb-biçilməlidir. Bu, gələn ilmi olacaq, yaxud ondan sonrakı dövrdəmi, buna baxarıq. Əvvəldə də dediyim kimi, ən əsas məsələ Azərbaycanın suverenliyini möhkəmləndirmək, Azərbaycan vətəndaşlarının rifahını artırmaqdır. Bunun üçün həm iqtisadi-sosial sahədə, həm də təhlükəsizlik sahəsində Azərbaycan çox işlər görməlidir və "Böyük Qayıdış" layihəsi ilə bağlı işlər daha da intensivləşməlidir".
Cavanşir ABBASLI,
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta