Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ucar rayonu, Qaracallı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva bildirib ki, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq həyata keçirilən islahatlar vətəndaşlar tərəfindən təqdirlə qarşılanır. Yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin əhəmiyyətini diqqətə çatdıran Ş.Abdullayeva “Yarandığı vaxtdan bütün seçkilərdə inamlı qələbə qazanan Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinə də yüksək səviyyədə hazırlaşıb”, - deyə vurğulayıb.
Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri Mirzalı Ağamalıyev, Hikmət Şərifov, Mirzalı Ağamalıyev, Nurməmməd Tağıyev və bələdiyyə üzvlüyünə namizədlər Tahir Kərimov, Hünər Əliyev, Aslan Əhmədli və Pərvanə Məmmədova ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar. “Dövlət başçısının çoxşaxəli islahatlar kursunun mühüm tərkib hissəsi kimi həyata keçirilən ardıcıl tədbirlər bələdiyyə institutunun təkmilləşdirilməsinə də öz töhfəsini verməkdədir”, - deyə bildirilib.
Çıxış edənlər Ucar seçicilərinin bələdiyyə seçkilərində fəal iştirak edəcəklərini və müasir, qalib, qüdrətli Azərbaycanın inkişafı naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini vurğulayıblar.