AZ

Afrikadan Makrona cavab: "Biz olmasaydıq, Fransa hələ də Almaniyaya məxsus idi"

Yazını böyüt
Yazını kiçilt

Çad və Seneqal Fransa prezidenti Emmanuel Makronun dünən səsləndirdiyi “Sahel ölkələri terrorçularla mübarizədə qitəyə verdiyi dəstəyə görə ölkəmizə “təşəkkür etməlidirlər” sözlərini sərt şəkildə qınayıb.

Hafta.az-ın yazdığına görə, Fransanın dünyadakı səfirlərinin illik toplantısında danışan Makron, ölkəsinin 2013-cü ildən terrora qarşı Sahel bölgəsinə hərbi müdaxilə etməkdə “haqlı” olduğunu, lakin Afrika liderlərinin bu dəstəyə görə Fransaya “təşəkkür etməyi unutduqlarını” söyləyib. Fransanın hərbi müdaxiləsi olmasaydı, eyni Afrika liderlərindən heç birinin bu gün suveren bir dövləti idarə etməyəcəyini ifadə edən Fransa prezidenti, alçaldıcı bir tonda əlavə edib: “Amma eybi yoxdur, bu təşəkkürzamanı çatanda gələcək”.

Bununla belə, həm Ncamena, həm də Dakar Makronun sözlərinə reaksiya verib. Çadın xarici işlər naziri və hökumət sözçüsü Abderaman Koulamallah, Ncamenanın "Makronun Afrika və afrikalılara qarşı alçaldıcı bir tonda sözlərindən dərin narahatlığını" ifadə edib. Koulamallah, Çad dövlət televiziyasının verdiyi açıqlamada, ölkəsinin Fransa ilə heç bir probleminin olmadığını, lakin Fransa liderlərinin Afrika xalqına hörmət etməyi öyrənməli olduğunu söyləyib.

Çad noyabrın sonunda keçmiş müstəmləkəçi Fransa ilə hərbi müqavilələrini ləğv edib. Koulamallah Çad xalqının tam suverenlik, həqiqi müstəqillik və güclü və müstəqil dövlətin qurulmasını arzuladığını vurğulayıb.

Digər tərəfdən, baş nazir Ousmane Sonko da Makronun sözlərini pisləyən açıqlama verib. "Əgər İkinci Dünya Müharibəsi zamanı Fransanın nasist işğalından azad edilməsində afrikalı əsgərlərin töhfələri olmasaydı, Fransa bu gün də Almaniyaya məxsus ola bilərdi", - Sonko öz bəyanatında bildirib.

Dünyada xidmət edən Fransa səfirləri qarşısında çıxış edən Makron fransız əsgərlərin Afrikadan çıxarılması qərarının Paris tərəfindən bu ölkələrlə məsləhətləşmə və koordinasiya çərçivəsində alındığını bildirib. Makron çıxışında “Afrika liderlərinə öz ölkələrindəki varlığımızı yenidən təşkil etməyi təklif etdik. Çox nəzakətli olduğumuz üçün bu geriçəkilmələri elan etməyi onların öhdəsinə buraxdıq" deyib.

Son illər Fransa əsgərlərinin yerləşdiyi bir çox Afrika ölkələrindən könülsüz şəkildə geri çəkilməli olub.

Son həftələrdə Fransanın ölkəsindəki hərbi varlığının bu il sona çatacağını açıqlayan Sonko, Makronun açıqlamasının “tamamilə yanlış” olduğunu söyləyib. Sonkonun sözlərinə görə, Fransa ilə nə məsləhətləşmələr, nə də danışıqlar aparılıb. Seneqal azad, müstəqil və suveren bir dövlət kimi öz iradəsi ilə bu qərarı verib.

Seneqalın baş naziri Yelisey Sarayının sözügedən Afrika ölkələrinin liderlərinə qarşı “nankorluq” ittihamı ilə bağlı Fransa prezidentini də tənqid edib. Fransanın Afrikanın təhlükəsizliyini və suverenliyini təmin etmək üçün nə gücünə, nə də legitimliyinə sahib olduğunu deyən Sonko, əksinə, Fransanın "Liviya kimi bəzi Afrika ölkələrində sabitliyin pozulmasına zaman-zaman töhfə verdiyini və bunun çox ciddi olduğunu vurğulayıb".

Çadın xarici işlər naziri Koulamallah Birinci və İkinci Dünya Müharibəsi zamanı Fransanın azad edilməsində Afrika və Çadın "həlledici rolu" olduğunu və bu rolun "Fransa tərəfindən heç vaxt tanınmadığını" bildirib. Afrika əsgərlərinin göstərdiyi fədakarlıqları vurğulayan Koulamallah, Fransanın Çaddakı 60 illik varlığı boyunca ölkəyə verdiyi töhfələrin ümumiyyətlə öz strateji maraqları ilə məhdudlaşdığını və Çad xalqının inkişafına real və qalıcı təsir göstərmədiyini bildirib.

Seçilən
52
hafta.az

1Mənbələr