AZ

Azərbaycan üçün həyəcan TƏBİLİ ÇALINIR: Təhlükə Xəzərin o tayından gəlir

Bizə yaxın ölkələrdə virusa yoluxma hallarının qeydə alınması Azərbaycanın da risk altında olduğunu göstərir. Xüsusilə yaşlılar və uşaqlar üçün təhlükə yaradan bu virusun yayılmasının qarşısını almaq üçün profilaktik tədbirlər böyük əhəmiyyət kəsb edir. 

Maraqlıdır yeni virus nədir və necə yayılır?

Məsələ ilə bağlı infeksiya xəstəlikləri mütəxəssisi Dr. Vasif Əliyev Ajans.az-a açıqlamasında bildirib ki, bu virus Pneumovirus ailəsinə aid bir virusdur:

“Bu virus ilk dəfə 2001-ci ildə Hollandiyada aşkarlanıb. Hava-damcı yolu ilə yayılır və 5-9 günlük inkubasiya dövrünə malikdir. Uşaqlar və immun sistemi zəif olan şəxslər, xroniki böyrək, qaraciyər, ağciyər və ürək çatışmazlığı olan xəstələr bu virusa yoluxduqda daha ağır formada keçirə bilirlər.Əsas əlamətləri öskürək, burun axıntısı, nəfəs darlığı, xışıltı və qızdırmadır. Amma bu simptomlar digər virus infeksiyalarında da müşahidə olunduğu üçün diaqnoz qoymaq üçün spesifik testlər tələb olunur. Xüsusilə uşaqlarda xəstəlik daha ağır keçir.”

Mütəxəssis bildirib ki, xroniki xəstəlikləri olan şəxslərdə bu virusa yoluxub ağırlaşma və hətta ölüm riski daha yüksəkdir:

“Yetişkin və ümumilikdə sağlam şəxslərdə isə xəstəlik daha yüngül keçir. Hazırda bu virusa qarşı spesifik təsdiqlənmiş antiviral dərman yoxdur və müalicə yalnız simptomları yüngülləşdirməyə yönəlir. Virusun vaksini isə araşdırma mərhələsindədir.”

Dr. Əliyev qeyd edib ki, virusun qarşısını almaq üçün gigiyenik tədbirlərə ciddi şəkildə əməl edilməlidir:

"Əllərin mütəmadi olaraq sabunla yuyulması və spirt tərkibli dezinfeksiyaedici vasitələrdən istifadə olunması,
insanlarla yaxın təmasdan çəkinmək və sosial məsafəni qorumaq, lazım gəldikdə tibbi maskalardan istifadə edilməsi.
Xüsusilə virusun yayıldığı təsdiqlənərsə, uşaqlar və yaşlılar daha çox diqqət mərkəzində olmalı və simptomlar müşahidə edildikdə dərhal həkimə müraciət edilməlidir.

Metapnevmovirusun qonşu ölkələrdə aşkarlanması Azərbaycanda bu təhlükəyə qarşı hazırlıq tədbirlərinin gücləndirilməsini zəruri edir. Hazırda əsas məsələ profilaktik tədbirlərin geniş şəkildə həyata keçirilməsi və əhalinin düzgün məlumatlandırılmasıdır", - deyə Vasif Əliyev əlavə edib. 

Seçilən
36
Ajans.az

1Mənbələr