AZ

''Fənərbaxça'' kuboka qatılmaq üçün TFF-nin qarşısına şərt qoydu!

Bu gün Türkiyə kubokunda qrup mərhələsinə start veriləcək. Maraqlıdı ki, ''Fənərbaxça''nın hələ də bu turnirdə iştirak edib-etməyəcəyi bəlli deyil.

''Football-plus.az'' xəbər verir ki, ''Kasımpaşa'' ilə ''Fənərbaxça'' kubokda gəlirlərin xərcləri qarşılamadığını əsas gətirərək bu turnirdə iştirakdan imtina etmişdi. TFF prezidenti İbrahim Hacıosmanoğlunun məsələyə qarışmasından sonra ''Kasımpaşa'' yalnız U-19 komandası ilə qatılmağa razılıq verdi.

''Fənərbaxça'' isə qərarını idarə heyətinin toplantısından sonra verəcəyini bildirdi. Həmin toplantı dünən baş tutdu. Klub prezidenti Əli Koç müzakirə olunan məqamları, eləcə də kuboka qatılıb-qatılmamaq qərarını yanvarın 8-də keçirəcəyi mətbuat konfransında açıqlayacaq. Ən maraqlısı odur ki, qrupun 1-ci turunda məhz elə ''Kasımpaşa'' ilə ''Fənərbaxça'' üz-üzə gəlməlidi. Bu oyun yanvarın 9-da baş tutmalıdı.

Bu arada ''Fənər''in kuboka qatılmaq üçün federasiyaya irəli sürdüyü əsas şərt bəlli olub. Türkiyə mətbuatının iddiasına görə ''sarı-lacivərdlilər'' mövsümün qalan hissəsində həm özlərinin, həm də ''Qalatasaray''ın superliqa oyunlarına əcnəbi VAR hakimlərinin dəvət olunmasını tələb edir! Onların bu tələbi qarşılanacağı təqdirdə komanda ölkə kubokunda iştirak edəcək. Hakim səhvləri həmişəki kimi Türkiyə futbolunda gündəmi zəbt edir. Elə son turda ''Göztəpə'' ilə oyunda hakimin ''Qalatasaray''ın əleyhinə penalti təyin etməməsi böyük söz-söhbətlərə səbəb oldu.

Federasiya əcnəbi VAR hakiminin dəvət olunması məsələsini yanvarın 8-də idarə heyətinin toplantısında müzakirə edəcək. Bu toplantı yerli vaxtla 13.30-da başlayacaq. Əli Koçun mətbuat konfransı isə 17.00-da başlayacaq. Sızan məlumata görə TFF əcnəbi VAR hakiminin dəvət olunmasına razılıq verəcək və 20-ci turdan etibarən bu praktikadan istifadə ediləcək.

ƏLİ

Seçilən
53
football-plus.az

1Mənbələr