Futbol üzrə Azərbaycan millisinin və “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov komandasının qış təlim-məşq toplanışını dəyərləndirib.
Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.
Azərbaycan millisinin üzvü mövsümün ikinci yarısında fiziki baxımdan daha yaxşı çıxış edəcəklərini bildirib:
“Hazırlığa təzə başlamışıq. Bizdə indi daha çox fiziki məşqlər olur. Çalışırıq ki, bunu yerinə yetirək. Çünki ilk dövrədə fiziki baxımdan problemlərimiz var idi. Bunun qarşısını almaq üçün əlimizdən gələni edəcəyik. İnşallah, mövsümün ikinci yarısında fiziki baxımdan daha yaxşı təsir bağışlayacağıq”.
Təcrübəli yarımmüdafiəçi zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qaldığına görə məşqlər və oyunlar üçün darıxdığını gizlətməyib:
“Zədəmin bərpası bir az uzun çəkdi. Elə bilirdim ki, bir-iki həftədən sonra komandayla məşqlərə başlayacağam. Amma bir az problemlər üzə çıxdı. Həm məşqlər, həm də oyunlar üçün çox darıxmışam. Çalışacağam ki, formamı bərpa edim və komandama kömək olum”.
Emin Mahmudov yanvarın 19-da “Sabah”a qarşı keçirəcəkləri görüşlə bağlı gözləntilərini də dilə gətirib:
“Sabah”la oyunumuza iki həftə qalıb. Fiziki və taktiki baxımdan hazırlığımızı davam etdiririk. İkinci yarıda daha yaxşı çıxış etməliyik. Çünki kubok oyunlarımız var. Ümid edirəm ki, yaxşı nəticələr olacaq”.
Qeyd edək ki, “Neftçi” Qəbələ şəhərindəki təlim-məşq toplanışını davam etdirir. Komandanın üzvləri toplanışın 2-ci günündə iki məşqə çıxıblar. Baş məşqçi Samir Abasovun rəhbərliyi altında keçirilən səhər hazırlığında əsasən fiziki və toplu, axşam məşqində isə taktiki çalışmalar icra olunub.
“Neftçi” qış təlim-məşq toplanışına yanvarın 3-də start verib. Ardıcıl 3 gün “Neftçi” Futbol Mərkəzində hazırlaşan “ağ-qaralar” ayın 6-dan etibarən toplanışı Qəbələdə davam etdirirlər.