AZ

Azərbaycanın qəti mövqeyi

Təyyarə qəzasına səbəb olan təqsirkarlar cəzalandırılmalıdırlar!

İlham Əliyev: Həlak olanların hər biri təkcə onun yaxınları, ailə üzvləri üçün deyil, həm də Azərbaycan dövləti üçün əzizdir

Azərbaycan cəmiyyəti dəfələrlə müşahidə edib ki, Prezident İlham Əliyev ən çətin məqamlarda vətəndaşların yanında olur, ölkənin milli maraqlarını qətiyyətlə qoruyur. Dövlətimizin başçısının ötən il dekabrın  25-də  “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Rusiya səmasında qəzaya uğramasına son dərəcə həssas yanaşması bunun  növbəti təsdiqidir. Prezident İlham Əliyev qəzanın təfərrüatlarının obyektiv araşdırılmasını, günahkarların cəzalandırılmasını, Azərbaycana təzminatlar ödənilməsini tələb edir. Dövlətimizin başçısı yanvarın 6-da  “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olmuş ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşərək baş vermiş bədbəxt hadisə ilə bağlı prinsipial mövqeyini növbəti dəfə diqqətə çatdırıb.

AZAL-a məxsus təyyarəyə kənar müdaxilə olub

Heç bir ölkə, heç bir şirkət təyyarə qəzasından sığortalanmayıb. Ancaq məsələ bursındadır ki, Azərbaycana dost olan Rusiyanın ayrı-ayrı qurumları və bəzi məsul şəxsləri Qroznı yaxınlığında baş verən təyyarə qəzasına adekvat olmayan mövqe sərgiləyiblər. İlk saatlarda sərnişin təyyarəsinin hansısa quş dəstəsinə çırpıldığı versiyası gündəmə gətirilib, sonra laynerdə guya qaz balonunun partlamasından bəhs edilib. Ancaq sosial şəbəkələrdə yayılan foto və video materiallar bu kimi versiyaların həqiqətə uyğun olmadığını təsdiqləyirdi.

Cavabını gözləyən çoxlu suallar var. Xüsusilə də yaxınlıqdakı hava limanlarından birinə eniş edilməsinə icazə verilməməsi, təyyarənin dəniz üzərindən uzaq Aktau hava limanına istiqamətləndirilməsi ortada gizli məqamlar olduğuna şübhə yeri qoymur. Gəlinən qənaət odur ki, irəli sürülən versiyalar sadəcə, iz azdırmaq məqsədi daşıyıb. Həmçinin Rusiya tərəfinin dövlət başçısı səviyyəsində üzürxahlığını hadisənin üstündən üç gün ötəndən sonra  bildirməsi də birmənalı qarşılana bilməz. Prezident İlham Əliyev bəhs olunan tədbirdəki çıxışında bütün saxta versiyaları rədd edərək AZAL-a məxsus sərnişin təyyarəsinin Qroznı şəhərinin yaxınlığında kənar müdaxilə nəticəsində zədələndiyini və idarəolunmaz vəziyyətə salındığını vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, Rusiyanın dövlət qurumları tərəfindən bu hadisəni ört-basdır etmək və cəfəng versiyalar üzərində dayanmaq bizdə həm təəccüb, həm təəssüf, həm də haqlı olaraq hiddət hissi doğurur. “Qroznı şəhərində “kavyor əməliyyatı”, yəni hava sahəsinin bağlanması əməliyyatı təyyarə yerdən vurulandan sonra elan edilib. Bu, bir daha onu göstərir ki, burada çox ciddi cinayət tərkibli məsələlər var. Adətən hər hansı bir ölkənin hava məkanında təhlükə yaranırsa, dərhal o ölkənin hava məkanı bağlanır. Bu, bütün ölkələrdə var və bunun müxtəlif adları var. Rusiyada buna “kavyor əməliyyatı” deyirlər. Əgər Rusiyanın hava məkanı üçün təhlükə var idisə, dərhal təyyarə kapitanına bu barədə məlumat verilməli idi. Dərhal hava məkanı bağlanmalıydı və təyyarə geri dönməli idi. Onu da bildirməliyəm ki, baş vermiş qəzadan təqribən 10 gün əvvəl oxşar hadisə Qroznı şəhərinin yaxınlığında baş vermişdi. AZAL-a məxsus təyyarə yarı yoldan geri dönmüşdü. Nə üçün bu dəfə təyyarə ekipajına xəbərdarlıq edilməmişdi? Bunu təbii olaraq istintaq göstərəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.

“Qara qutu”ların açılması bir çox müəmmalara aydınlıq gətirəcək

Qeyd edək ki, qəzanın araşdırlması ilə əlaqədar Dövlət Komissiyası yaradılıb və bu komissiya fəaliyyət göstərir. Eyni zamanda, dövlət başçısının  göstərişi ilə Azərbaycan prokurorluğu cinayət işi açıb. Prokurorluğun işçi qrupları həm Qroznı, həm Aktau şəhərlərinə ezam edilib, orada operativ işlər görülüb. İstintaq başa çatdıqdan sonra tam məlumat Azərbaycan ictimaiyyətinə çatdırılacaq.

Həmçinin “qara qutu”ların açılması prosesinə başlanıb. Azərbaycanın təkidi ilə bu proses təyyarənin istehsalçısı olan Braziliyada həyata keçirilir. Ölkəmiz bütün təkliflərə və təkidlərə baxmayaraq Dövlətlərarası Aviasiya Komitəsinin “qara qutu”ları açmasına qəti etirazını bildirib. Çünki burada obyektivlik sual altına düşə, hüquqi dillə desək, maraqlar toqquşması ola bilərdi. Ona görə də Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada “qara qutu”ların təhlilinə başlanıb. Şübhə yoxdur ki, “qara qutu”lar araşdırıldıqdan sonra bir çox müəmmalara da aydınlıq gətiriləcək. Yuxarıda vurğuladığımız kimi, ən böyük müəmmalardan biri zədələnmiş təyyarənin uzaq Aktau hava limanına yönəldilməsidir. Bu barədə hələlik səhih məlumat yoxdur.  Bu, yerli dispetçerlər tərəfindən qəbul edilmiş qərar əsasında baş verib, yoxsa pilotlar özləri başa düşərək ki, artıq Rusiyanın hava məkanında radioelektron mübarizə vasitələri onlara eniş etmək üçün imkan verməyəcək və özləri bu seçimi ediblər? Təbii ki, “qara qutu”lar dəqiqliklə araşdırlandan sonra bu suala da cavab tapmaq mümkün olacaq.

Azərbaycan dövləti öz oğul və qızlarının fəaliyyətini, qəhrəmanlığını həmişə layiqincə qiymətləndirib

Hazırda bütün dünya mətbuatı təyyarəmizin Aktauda qəzaya uğramasını geniş şəkildə işıqlandırır. Ekspertlər qəzanın digər təfərrüatları ilə yanaşı, həm də pilotların, heyət üzvlərinin peşəkarlığını və fədəkarlığını önə çəkirlər. Rusiyanın hava məkanında kənar müdaxilə nəticəsində idarəolunmaz hala salınan təyyarəni sahilə qədər çatdırmaq həm peşəkarlıq, həm də qəhrəmanlıq tələb edirdi. Bunu AZAL-ın pilotları və heyət üzvləri öz həyatları bahasına olsa da, etməyi bacardılar. Məhz pilotların peşəkarlığı və qəhrəmanlığı sayəsində təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi edə bilib və laynerin göyərtəsində olan 30-a yaxın sərnişinin həyatını xilas etmək mümkün olub. Əgər pilotlar fədəkarlıq göstərməsə idilər, bu qəzada sağ qalan olmazdı. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan dövləti öz oğul və qızlarının fəaliyyətini, qəhrəmanlığını həmişə layiqincə qiymətləndirib. Qeyd edək ki, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə ekipajın üç üzvü - iki pilot və bir bələdçi Milli Qəhrəman adına layiq görülüb, iki bələdçi isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. “Ola bilər ki, yaxınlarını itirən ailələr üçün bu, kiçik bir təsəllidir, amma Azərbaycan dövlətinin öz vətəndaşlarına münasibətinin təzahürüdür. Həlak olanların hər biri təkcə onun yaxınları, ailə üzvləri üçün deyil, həm də Azərbaycan dövləti üçün əzizdir. Biz buna operativ şəkildə reaksiya verdik, elə bir şəraitdə Azərbaycanın hər bir vətəndaşının həyatının bizim üçün çox qiymətli olduğunu bəyan edərək, prinsipial davrandıq və ədalət, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmalarına səbəb olan təqsirkarların cəzalandırılmasını tələb edəcəyik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mübariz ABDULLAYEV

Seçilən
42
yeniazerbaycan.com

1Mənbələr