AZ

Gəncə Dövlət Filarmoniyasının binasında çatlar əmələ gəlib - Fotolar

Mədəniyyət Nazirliyinin Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının binasında çatlar əmələ gəlib.

Teleqraf.com-un Qərb bürosu xəbər verir ki, mədəniyyət ocağının bünövrəsində çökmə müşəhidə olunur.

Çatlar daha çox binanın arxa hissəsində yaranıb.

Təhlükəli vəziyyətlə əlaqədar olaraq filarmoniya yaxınlığında avtomobillərin saxlanılması qadağan edilib. Bununla bağlı əraziyə xəbərdarlıq lövhəsi vurulub.

Eyni zamanda, Gəncə Dövlət Filarmoniyasının sərgilər təşkil olunan “Urban” Mərkəzinin binasının içərisində və çölündə dərin çatlar əmələ gəlib. Bu bina filarmoniyaya bitişikdir.

Qeyd edək ki, Gəncə Dövlət Filarmoniyasının təməli 2012-ci ildə qoyulub. İnşaat işləri 2017-ci ilin noyabrında başa çatdırılıb və istifadəyə verilib. Altımərtəbəli binada inzibati, məşq, qrim, rejissor və istirahət otaqları, bufet var. Burada, eyni zamanda, 1200 nəfərlik konsert və 300 yerlik iclas zalları, 10 loja və 1 VİP loja yerləşir. Filarmoniyada kitab satışı da həyata keçirilir. Binanın üçüncü mərtəbəsinin eyvanında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin və Arif Məlikovun heykəlləri qoyulub. Ərazidə açıq havada yay konsert meydançası, baxış qülləsi, 500 avtomobil yerlik yeraltı dayanacaq və ümumi sahəsi 2 min kvadratmetr olan iki korpusdan ibarət ikimərtəbəli qalereya inşa edilib.


Müəllif: Teleqraf.com
Seçilən
30
6
teleqraf.com

7Mənbələr