AZ

Aİ missiyasi sülhə əngəldir - Regionun zəif bəndi təhlükəsizliyə xələl gətirir

"Bu gün Avropa Birliyi kimi qlobal güc mərkəzi Emmanuel Makronun ağlasığmaz davranışlarının girovuna çevrilib".

Avropa İttifaqının Azərbaycan-Ermənistan sərhədində həyata keçirdiyi monitorinq missiyasının müddətinin fevralda bitəcəyi gözlənilirdi. Lakin Ermənistan xarici işlər naziri Ararat Mirzoyan mülki missiyanın Azərbaycanla sərhədin tam delimitasiyasına qədər Ermənistanda monitorinqi davam etdirəcəyini bəyan edib.

Maraqlıdır, Aİ missiyasının israrla regionda varlığını qorumasının səbəbi nədir? 

Mövzu ilə bağlı politoloq Natiq Miri "Operativ Media"ya bildirib ki, Avropa Birliyi bu gün Fransanın girovuna çevrilib:

“Avropa Birliyi heç bir zaman, heç bir ölkədə belə dırnaqarası müşahidə missiyası ilə məşğul olmayıb. Bu, bir ilkdir və aydındır ki, bilavasitə Fransa dövlətinin, uğursuz Makronun siyasətinin tərkib hissəsidir. Çox təəssüf ki, bu gün Avropa Birliyi kimi qlobal güc mərkəzi Emmanuel Makronun ağlasığmaz davranışlarının girovuna çevrilib. Biz bunu təkcə Cənubi Qafqazda müşahidə etmirik. Bu gün Avropa Parlamenti, Avropa Şurası, Avropa Şurasının Parlament Assambleyası kimi strukturlar İttifaqın geosiyasi və geoiqtisadi maraqlarının əleyhinə siyasət yürüdürlər”.

Politoloq qeyd edib ki, Ermənistan Aİ vasitəsi ilə güclənməyi planlaşdırır:

“Bu gün Avropa Birliyinin müşahidə missiyası bir çətirdir. Bu çətirin altında gizlənərək Ermənistan da tədricən güclənməyi planlaşdırır. Fransa, yəni Makron isə bunu açıq şəkildə həyata keçirə bilmir. O, yalnız müşahidə missiyası adı altında Azərbaycan - Ermənistan sərhədinin təhlükəsizliyini bəhanə edərək öz istədiklərinə nail olmaq istəyir. Tədricən Ermənistanda möhkəmlənməklə Yerevanı tamamilə öz təsir dairəsinə salmaq və Rusiyanı sıxışdıraraq Moskvanı regionda əvəzləmək istəyir. 

Doğrudur, bu çox böyük əngəllərlə qarşılanır. Çünki bir tərəfdə Azərbaycan Fransanı tamamilə bu prosesdən uzaqlaşdırır, digər tərəfdən Gürcüstan müxalifəti məğlubiyyətə düçar olur və Tbilisi Fransanın təsir dairəsindən çıxır. Belə bir vəziyyətdə Cənubi Qafqazda, Fransanın və bu timsalda Avropa Birliyinin təsir edə biləcəyi yeganə ölkə Ermənistandır.

Lakin Ermənistan məğlub bir ölkə olmaqla bərabər Cənubi Qafqazın ən zəif bəndidir. Ona görə missiyanın uzun müddət Ermənistanda qalması nə Avropa Birliyinə, nə də Fransa geosiyasi nöqteyi nəzərdən heç nə qazandırmayacaq. Çünki Azərbaycanla razılaşmadan, Cənubi Qafqazda heç bir geosiyasi layihəni həyata keçirmək mümkün deyil. Təəssüf ki, Yelisey sarayı belə şeyləri anlaya bilmir və Avropa Birliyi də bu uğursuz siyasətin girovuna çevrilir. 

Missiyanın müddətinin uzadılması Azərbaycanın maraqlarına xidmət edən bir hadisə deyil və bununla bağlı Azərbaycan dövləti dəfələrlə öz narahatlığını bildirib. Eyni zamanda, Rusiya, Türkiyə kimi ölkələr də bu missiya ilə bağlı narahatlıqlarını bildiriblər. 

Bu dırnaqarası müşahidə missiyası sadəcə sərhəddə durub nəyisə müşahidə etmir. Eyni zamanda, bölgədə yerləşən bütün ölkələrin hərbi hərəkətlənmələrini kəşfiyyat məlumatı olaraq anındaca mərkəzə ötürür və bu da region təhlükəsizliyi ilə bağlı ciddi boşluqlar yaradır.

Azərbaycan anlayır ki, sülh prosesində ən ciddi əngəllərdən biri məhz bu missiya olacaq. Təsadüfi deyil ki, Azərbaycan və Ermənistan arasındakı sülh sənədinin mətnində razılaşdırılmayan bəndlərdən biri məhz Avropa Birliyi müşahidə missiyasının regiondan çıxarılmasıdır. 

Ermənistan dolayı yolla müşahidə missiyasının fəaliyyətini sərhədin delimitasiya və demarkasiya prosesinə bağlayır. Bilirik ki, bu, uzunmüddətli və ağrılı bir prosesdir. Yerevan məhz bu amildən istifadə edərək prosesi zamana buraxır və Baş nazir Nikol Paşinyana zaman qazandırır. Həm də dolayı yolla Ermənistan administrasiyası Rusiya və Azərbaycan “təhdidinə” qarşı sığortalandığını düşünür. Lakin hesab etmirəm ki, Avropa Birliyinin müşahidə missiyası təhlükəsizliklə bağlı Ermənistana sığorta verə bilsin. Belə bir təminat yoxdur və heç bir zaman da olmayacaq. Yekun nəticə olaraq, Avropa Birliyi müşahidə missiyasının Ermənistandakı varlığı Yerevana heç bir təhlükəsizlik təminatı vermir. Burada sadəcə geosiyasi məqsədlər var ki, həm Fransa, həm də Avropa Birliyi missiyanın vaxtının uzadılmasında maraqlıdır.


Fatimə Lətifova

Seçilən
18
operativmedia.az

1Mənbələr